Məhkəmə qərarları › İş №3(009)-75/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-75/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-75/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25.10.2021-ci il tarixli EQ8130687 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25.10.2021-ci il tarixli EQ8130687 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 25.10.2021-ci il tarixdə idarə etdiyi və ona məxsus “Mercedes-Benz” marklalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri Azadlıq küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində idarə edən zaman “Yol hərəkəti haqqında” qanunun 1.18-ci maddəsinə əsasən zolaqlar üzrə hərəkət istiqamətləri yol nişanlanma xəttinin tələbini pozmağıma görə İnzibati Xətallar Məcəlləsinin 327.1—ci maddəsi üzrə EQ ******* saylı elektron qərar qəbul olunmuşdur. “Yol hərəkəti haqqında” qanunun 1.18-ci maddəsi yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir; Göstərilən maddədə qeyd olunan 5.8.1 və 5.8.2 nişanlarının tələblərində yalnız sola dönmə əmr edici hərəkəti mövcud deyildir. 1.18 nişanlanması 5.8.1 və 5.8.2 "Zolaqlar üzrə hərəkət" nişanını təkrarlayır. Yəni, bu cür yolayrıclarında xəttləmə 5.8.1 və 5.8.2 nişanı ilə təkrarlanmalıdır. Standarddan kənar quraşdırılmamış nişana görə, sürücü məsuliyyət daşımır. Həmin protokoldan Bakı şəhər BPİ X9 İdarəsinə Şikayət vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Bakı şəhər BPİ X9 İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən ona ünvanlamış 29.11.2021-ci il tarixli, 046-124904Ə-4221 saylı məktubla ona cavab vermişdir. Həmin cavab məktubu onu qane etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, EQ ******* saylı protokoldan verdiyi şikayət 29.11.2021ci il tarixdə yazilsada 17.12.2021-çi il tarixdə imzalayaraq qəbul etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində qəbul edilmiş EQ ******* saylı elektron qərarın ləğvi və həmin qərara əsasən yazılmış 40 manatın silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiark edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25.10.2021-ci il tarixli EQ8130687 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X5 24,10,2021-ci il tarixində, saat !4:20--də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir. Bununla da X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuş və nəticədə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 29.11.2021-ci il tarixli məktubundan görünür ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətə baxılmış və 24.10.2021 -ci il tarixdə X4 «Mercedes» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Azadlıq küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 18-ci bəndinin, yəni 1.18 zolaqlar üzrə hərəkət istiqamətləri yol nişanlanma xəttinin tələbini pozmağı xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. DİN BDYPİ-nin X3 məlumatına əsasən nəqliyyat vasitəsinin X4 istifadəsində olması müəyyən edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun iştirakı olmadan barəsində Məcəllənin 327.1-ci maddəsi üzrə EQ ******* nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Yol hərəkəti qaydasını pozmağı xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntülərdə X4 1.18 zolaqlar üzrə hərəkət istiqamətləri yol nişanlanma xəttinin tələbini pozmağı öz əksini tapmır. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X4 inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25.10.2021-ci il tarixli EQ8130687 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25.10.2021-ci il tarixli EQ8130687 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25.10.2021-ci il tarixli EQ8130687 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar