Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-75/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "Şah Market” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17194 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 bildirmişdir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli sərəncamına əsasən maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Odur ki, Şəxs ASC tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icrası məcburi olan göstərişlər yerinə yetirilməməmişdir. «Şah Market” ASC barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC -nin nümayəndəsi və vəkili Vəkil inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-yə dair xx.xx.2023-cü il tarixli EP № 00356660 saylı inzibati xəta haqqında Protokol təqdim etmişdir. Protokoldan fərqli olaraq, ona əlavə edilmiş sənədlər ASCyə təqdim edilməmişdir. Protokolda qeyd edilir ki, ASC tərəfindən AMB-nin 29. 1 1.2022-ci il tarixli, 6-1.26-2-2022-17194 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair etmitentin illik hesabatı göstərilmiş müddət rzində AMB-yə təqdim edilməmişdir. Bununla da guya İnzibati Xətalar Məcəlləsinin 548.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu aşağıdakı səbəblərdən əsassız hesab edir: 1. Protokolu imzalamış AMB-nin Baş direktoru X1 naməlumdur. Protokolda heç AMB-nin möhürü də yoxdur. Bu baxımdan Protokol mötəbər deyil. 2. İnzibati xəta tərkibi mövcud deyil. Belə ki, İXM-nin 548.1-ci maddəsində tərkib belə təsbit edilmişdir: "Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstarişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyatinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Macəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə Göründüyü kimi, xətanın tərkibini müvafiq icra hakimiyyəti orqanının yaratdıği qurumun yoxlama keçirməsinə mane olmaqdan və ya onun göstərişlərinin yerinə yetirilməməsi təşkil edir. Bu halda AMB öz tələbinin ASC tərəfindən icra edilməməsini inzibati xəta hesab edir. Başqa sözlə, AMB özünü müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum hesab edir. "Azərbaycan Respublikası İnzibati Xətalar Macəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Prezidentin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 4.1-ci bəndinə əsasən İXM-nin 548.1-ci maddəsində "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir". Başqa sözlə, AMB özünün Prezident tərəfindən yaradılmasını iddia edir. Lakin AMB-ni Prezident yaratmayıb. AMB-ni Azərbaycan xalqı Konstitusiyanı qəbul etməklə yaradıb. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin İİ hissəsində deyilir: "Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. AMB-nin hüquqi statusu və fəaliyyəti Prezidentin aktları ilə deyil, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" 10 dekabr 2004-cü il tarixli 802-İİQ saylı Qanunla tənzimlənir. Konstitusiyanın 93-cü maddəsinin İ hissəsinə görə isə qanun Milli Məclisin aktıdır. Təsadüfi deyil ki, İXM-nin 40.0.3-cü maddəsində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) belə sadalanır: "müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar". Beləliklə, AMB müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlardan fərqləndirilir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Prezidentin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanında (5.47-ci və 5.50-1-ci və 5.54-cü bəndlər) da AMB-nin baxdığı işlər xüsusi vurğulanır. Həmin bəndlərdə İXM-nin 548.1-ci maddəsi xatırlanmır. Bəli, AMB bu arqumentlərə cavab olaraq Fərmanın 4.1- 1-ci və 5.43-cü bəndlərinə istinad edə bilər. Orada o cümlədən deyilir ki, İXM-nin 548.1 maddəsində "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur. "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 1616 saylı Sərəncamının 1-ci bəndində isə deyilir: "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin. Lakin, əvvəla, elə həmin Sərəncamın 2.1-ci bəndində AMB-yə tapşırılmışır ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Valyuta tənzimi haqqında" Azərbaycan və digər qanunvericilik aktlarında zəruri Respublikasının qanunlarında dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin". Başqa sözlə, Prezident Sərəncamının müəyyən müddəalarının tətbiqini qanunlara ediləcək dəyişikliklərdən asılı etmişdir. Çünki Konstitusiyanın 149-cu maddəsinin İV hissəsinə əsasən nəinki sərəncam, heç fərman da qanuna zidd ola bilməz. İXM-nin 548.1-ci maddəsinin dispozisiyasındakı xəta tərkibini isə məhz müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun yoxlama keçirməsinə mane olmaqdan və ya onun göstərişlərinin yerinə yetirilməməsi təşkil edir. AMB belə qurum deyil. Deməli, həmin maddə üzrə xəta tərkibi də yoxdur. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə görə inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 3. Protokol prosessual pozuntularla tərtib edilmişdir. Belə ki, İXM-nin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına İXM-də müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında" Qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 60-cı maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100-cü maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokolda həmçinin aşağıdakılar göstərilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokoldan aşkar görünür ki, o, ASC-nin iştirakı olmadan tərtib edilmişdir. Bütün müvafiq qrafalar boşdur. AMB həmin qrafalarda heç bir qeydlər etməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC -nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoruna ünvanlanmış xidməti məktubdan görünür ki, Şəxs ASC (VÖEN **********) tərəfindən 2021-ci ilin nətəcələrinə görə emitentlərin illik hesabatları Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən hesabatların Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə məcburi göstəriş məktub ünvanlanmışdır (bununla bağlı poçt göndərişlərinin verilməsi barədə rəsmi xəbərnamələr mövcuddur). Buna baxmayaraq göstəriş məktublarında verilməsi tələb edilən hesabatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəmiyyət tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanladığı 29 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, 2021-ci ilə dair emitentin illik hesabatının 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəkləri barədə Şəxs ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında qaimədən görünür ki, həmin məktub xx.xx.2022-ci il tarixdə Şəxs ASC tərəfindən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı müvafiq icra hakimiyyətinin (Azərbaycan Respublikası Prezidentinin) yaratdığı qurumdur. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1, 548.2 və 548.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Bundan əlavə “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verildiyindən Azərbaycan Respublikasının Mərkəzi X3 Məcəlləsinin 548.1-ci maddəsi ilə protokol tərtib etmək səlahiyyəti vardır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.1-1-ci bəndinə görə həmin Məcəllənin 548.1 maddəsində “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmiş, lakin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.1-1-ci bəndində bununla bağlı müvafiq uyğunlaşdırma aparılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, lakin bu bəndin icrası təmin olunmamışdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinə əsasən emitentlərin bu maddə ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin edilməlidir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən emitentin illik hesabatının ilin nəticələri üzrə hazırlanması və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi nəzərdə tutulsa da, Şəxs ASC qanunvericiliyin həmin normasının tələblərinə riayət etməmişdir. Ona görə də «Şah Market” ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 117, 128-130 və 548.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-75/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-75/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver