Məhkəmə qərarları › İş №3(009)-751/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-751/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-751/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi onun mülkiyyətində (istifadəsində) olan “GMC ACADİA” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “GMC ACADİA” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:04-də Q.Qarayev ünvanında dayanma və yadurma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Xətai RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 27 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Departamenti tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən təqdim edilmiş 28 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin balansında olan nəqliyyat vasitələrinin sürücüləri barədə Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-yə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 (beş) gün müddətində sorğuya cavab verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamenti səlahiyyətli orqanın sorğusunu vaxtında, müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu vaxtında cavablandırıldığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105,114,122 və 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar