Məhkəmə qərarları › İş №3(009)-752/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-752/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-752/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 07 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 07 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Şəxs MMC-yə 21 fevral 2025-ci il tarixdə tərəflərindən bildiriş göndərilmişdir. 07 mart 2025-ci il tarixdə Maliyyə Nazirliyinə dəvət edilmişdir ki, əgər maliyyə hesabatlarını audit rəyi ilə birlikdə dərc ediblərsə, təqdim etsinlər. 2023-cü ilin hesablarını 2024-cü ilin iyul ayına qədər dərc etməli idilər. 07 mart 2025-ci il tarixdə heç kəs gəlməmişdir. Tərəflərindən audit aparılmamışdır, çünki rəy yoxdur. Bu səbəbdən dərc etməyiblər. Təlimat var ki, audit rəyi çıxarıldığı gün elektron sistemə yerləşdirilməlidir. Elektron sistemə vurulmayan rəy, rəy hesab edilmir. Heç bir sənəd yerləşdirilməmişdir. Həmçinin 2023cü ildə Şəxs MMC heç bir şirkətin tərkibində olmamışdır. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC barəsində müvafiq inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Şəxs MMC törəmə şirkətdir. "xxxx" MMC-nin törəmə şirkətidir və bu səbəbdən həmin şirkət hesabatları təqdim etmişdir. "xxxx" MMC barəsində protokol tərtib edilməlidir, Şəxs MMC-nin barəsində yox. 3 törəmə şirkət var, 3-nün də barəsində protokol tərtib edilə bilməz, bu qanuna ziddir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddəsinə əsasən bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan iri, orta və kiçik sahibkarlıq subyektləri aşağıda göstərilən şərtləri bütövlükdə yerinə yetirdikdə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməmək hüququna malikdirlər. Şəxs MMC-nin əməlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tərkibinə aidiyyəti yoxdur. Bütün sənədlər yerləşdirilmiş, dərc edilmişdir. Saytdan da görünür. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 21 fevral 2025-ci il tarixli bildiriş və ona əlavədən görünür ki, Şəxs MMC 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının audit rəyi ilə birlikdə 2024-cü ildə internet səhifəsində və ya mətbu orqanda dərc edilməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 07 mart 2025-ci il tarixdə saat 11:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc ediləsi barədə xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Adıçəkilən Qanunun 12.3-cü və 12-1.9-cu maddələrinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur. Sözügedən Qanunun 12-1.5-ci maddəsinə əsasən publik hüquqi şəxslər və adıçəkilən Qanunun tələblərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.1ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir. İş materiallarında olan xəbərnamədən görünür ki, bildiriş və digər sənədlər Şəxs MMC-nin məktubu xx.xx.2025-ci ildə “Şahmalıyeva” adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nıı 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyy hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli ola kommersiya təşkilatlarının siyahısına daxildir. Göründüyü kimi iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC 2023-cü il üzrə 2024cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 2.1.8-ci maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. Bu Qanunun 12.3.1-ci maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd təşkilatlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Sözügedən Qanunun 16.1-ci maddəsinə görə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə məsuliyyət nəzərdə tutur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməmişdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 462.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar