Məhkəmə qərarları › İş №3(009)-753/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-753/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-753/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızınını katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında özünü təqsirsiz bilərək göstərmişdir ki, hadisə xarici vətəndaşı aeroporta aparan zaman baş verib. Belə ki, xarici vətəndaş çamadanını avtomobildən çıxaran zaman baqajın üzərində olan hissəni qırmışdır. Bu səbəbdən avtomobili servisə aparmaq istəmiş, lakin yol polisi tərəfindən saxlanılmışdır. Göstərdiklərini nəzərə alaraq Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, eləcə də inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir . Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 17 fevral 2024cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 fevral 2024-cü il tarixdə, saat 11:40 radələrində “Toyota Prius minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru Həsən Rüstəmovun izahatından görünür ki, 17 fevral 2024-cü il tarixdə, saat 11:30 radələrində Bülbül prospekti istiqamətində hərəkətdə olan “Toyota Prius minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa nömrəsini plastmasla bağlamış və bunu bilərək hərəkət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs “Toyota Prius minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa nömrəsini bilərək plastmasla bağlayaraq idarə etməsi mübahisəli haldır. Belə ki, işə əlavə edilmiş fotoşəkildən bunun Şəxs tərəfindən qəsdən edilməsini sübut etmək mümkün deyildir. Həmçinin, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən həmin plastmasın sürücü tərəfindən bilərək bağlanması araşdırılmamışdır. Bundan başqa məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında hadisənin özü yox xarici vətəndaş tərəfindən törədildiyini, bu səbəbdən avtomobili servisə apardığını, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdir. Bütün yuxarıda qeyd olunanlardan isə müəyyən edilir ki, Şəxs barəsində 17 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol mövcud şübhələr əsasında tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində bir ədəd fotoşəkildən başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməlin törədilməsinə dair sübutlar təqdim olunmamışdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomobilin arxa nömrəsini bilərək bağlamamış, əksinə bunu aradan qaldırmağa çalışmışdır. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, avtomobilin arxa nömrəsini plastmasla bağlamasında Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldə (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128, 130, 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar