Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-760/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 13 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov şikayət verərək, şikayətin təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 3(009)-760/2022 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2254/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 3(009)- 760/2022 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş materialların yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, 08 aprel 2022-ci il tarixdə keçirilən monitorinq zamanı Şəxs balansında olan restoranın fəaliyyəti zamanı yaranan səs-küy vibrasianın fonunda yol verilən həddən yuxarı olduğuna görə Şəxs (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində həmin maddəyə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 aprel 2021-ci il tarixli 67497 saylı aktından görünür ki, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Kosmik Agentliyi tərəfindən Nazirliyə daxil olmuş şikayətlə əlaqədar olaraq Şəxs MMC-nin ərazisində “ölçmə-analiz işləri aparılmış, aparılan monitorinq zamanı səs-küy səviyyəsinin ətraf mühit üçün yol verilən həddən artıq olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 08 aprel 2022-ci il tarixli monitorinq aktından görünür ki, 08 aprel 2021-ci il tarixdə Şəxs MMC-nin "X1" restoranında səs-küy ilə bağlı şikayətə əsasən sabit hava şəraitində, saat 18:00-20:00-a kimi monitorinq keçirilmiş, monitorinq zamanı səs-küyün 67.7 dBA (norma 60 dBA) təşkil etməsi müəyyən edilmişdir. Səs-küylə bağlı ölçmə işləri “X2” PCE-322A cihazı ilə aparılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, yoxlama qanunsuz keçirilmişdir və müvafiq olaraq onun hüquqi nəticələri ləğv olunmalıdır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən MMC barəsində müvafiq inzibati məsuliyyət tədbirləri tətbiq oluna bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmış, yalnız həmin Qanunun 2.1-ci maddəsində qeyd edilən yoxlamaların müəyyən məhdudiyyətlərlə keçirilməsinə icazə verilmişdir. Habelə həmin maddə ilə müəyyən olunan tələbin icrası məqsədilə 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda müvafiq yoxlaman növü qeyd edilməmiş və müvafiq olaraq dayandırılmışdır. Həmçinin yuxarıda qeyd edilmiş Fərmana Əlavə olunun Siyahının 2-ci bəndinə görə, bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Qeyd edilən Qanununun 3.1-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Müvafiq Fərmanın 7-ci bəndinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 7.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi ilə əlaqədar sahibkarların Nazirliyin “Qaynar xətt’inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etsin; sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq ləaııyyəunı dayandırmasına dair müraciətləri barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında sahibkarlıq fəaliyyətinin dayandırılması səbəblərinin araşdırılması və həmin səbəblərin aradan qaldırılması üçün mümkün olan tədbirləri görsün və ya təkliflər versin; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etsin; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.1 və 3.2-ci maddələrinə görə Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, yoxlama qanunsuzdur və onun hüquqi nəticələri ləğv olunmalı, ümumən xəta ilə bağlı məsələnin araşdırılınası bu mərhələdə dayandırılmalıdır. Protokolun tərtibində də qanunsuzluqlar müşahidə olunur və İXM-ə görə qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. İXM-in 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 81-ci maddəsinə görə Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, İnzibati xəta haqqında protokolun tərtibi üçün əsas olan xüsusi texniki vasitəsinin müvafiq protokolda göstəriciləri əks etdirilməmiş və digər pozuntulara yol verilmişdir. Ümumiyyətlə heç bir qanunpozuntusu baş verməmiş və səs-küy norma daxilindədir. AR Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na əlavə olunun Cədvəl 1-in 4-cü bəndində (İnzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələrdə) və 10-cu bənddə (Kafe, restoran, yeməkxanaların zalları) səs-küyün maksimal norması 65 DBA göstərilmişdir. Həmçinin Cədvəl 1-in Qeydlər hissəsinin 3-cü bəndində yazılır ki, pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir. Başqa sözlə, qeyd edilən müəssisələrdə maksima 70 DBA icazə verilən səs-küy normasıdır. Lakin Protokola əlavə olunan fotoşəkildə ölçü 67.7 kimi göstərilir. Restoranın və şikayətçi təşkilatın yerləşdiyi bina Şəhərin mərkəzi küçə və prospektində yerləşir və pəncərələri nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazi olduğu nəzərə alınsa, burada da heç bir pozuntunun olmadığı açıq-aşkardır. İnzibati xəta haqqında işə əsasən olan şikayət əsassızdır və icraat qanunsuz aparılmışdır. Restoranın tam qanuni fəaliyyət göstərir və burada yalnız saat axşam 8-dən sonra əsasən həftəsonları canlı musiqilər olurdu. Belə ki, bu ərazidə parkinq problemi olduğundan belə qərar verilmişdir. Tədbir fasilələrlə saat axşam 11-dək davam edirdi. Binan yerləşdiyi binanın 2 tərəfində yaşayış binaları yerləşir və bu günədək bu məsələlərlə bağlı heç bir şikayət olmamışdır. Çünki qonşularla birgə fəaliyyət qaydalarına ciddi əməl edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə görə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın “nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları adlı “Cədvəl 1”-in 10-cu sətrində “Kafe, restoran, yeməkxanaların zalları” üzrə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yol verilən normaları müəyyən edilmişdir. Həmin Cədvəlin 4-cü bəndində (İnzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələrdə) və 10-cu bənddə (Kafe, restoran, yeməkxanaların zalları) səs-küyün maksimal norması 65 DBA göstərilmişdir. Həmçinin Cədvəl 1-in Qeydlər hissəsinin 3-cü bəndində qeyd edilib ki, pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir. Başqa sözlə, qeyd edilən müəssisələrdə maksimum 70 DBA icazə verilən səs-küy normasıdır. Protokola əlavə olunan fotoşəkildə ölçünün 67.7 olduğu göstərilmişdir. Məhkəmə, restoranın və şikayətçi təşkilatın yerləşdiyi bina şəhərin mərkəzi küçə və prospektində yerləşməsini və pəncərələrin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yola açıldığını nəzərə alaraq, hesab edir ki, hazırki işdə inzibati xəta hadisəsinin olması istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görəbu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlamanın keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmışdır. Ona görə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş 08 aprel 2022-ci il tarixli Monitorinq aktının hüquqi nəticəsi mövcud ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə BASSTONE RESTAURANT” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114-115, 128-130 və 275.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-760/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-760/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver