Məhkəmə qərarları › İş №3(009)-762/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-762/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-762/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-ci PB tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X7 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək bildirdi ki, Şəxs 15.04.2022-ci il tarixdə, saat 21 radələrində, Səbail rayonu, Bulvar ərazisində yerləşən “Lalə” kafesində X4 məxsus 100 manat dəyərində “Hisense 10” markalı mobil telefonu və telefonun arxa qoruyucusuna qoyulmuş 47 manat pulu oğurlamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, 15.04.2022-ci il tarixdə, saat 21 radələrində, Səbail rayonu, Neftçilər prospekti ilə Bulvar isitiqamətinə hərəkət edərkən, Kukla teatrının yanında bir nəfər sonradan özünü Fuad olaraq təqdim edən şəxs bilmədən qolu ilə ona toxunmuş, sonra geri dönərək ondan üzr istəmiş və onunla ünsiyyət qurmağa başlamışdır. Onun FHN tərəfindən verilən hərbi geyimdə olduğunu görüb, ona qardaşının və əmisi oğlunun hərbiçi olduğunu, 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olduğunu demiş və ətraflı tanış olmaq üçün onu çay içməyə dəvət etmişdir. O, Fuad adlı həmin şəxslə razılaşmış və onlar Bulvar ərazisində yerləşən “Lalə” kafesinə gəlmişlər. Kafedə masaların birində əyləşmiş və həmin şəxs kola dönər, pivə və s. sifariş vermişdir. Bu zaman o, cibində olan "Hisense 10” markalı mobil telefonu çıxarmış və enerjisinin az olduğunu görmüşdür. Fuad ona enerji doldurucusunun olduğunu deyərək, telefonu enerji cərəyanına qoşmaq üçün istəmiş, o da telefonu Fuada vermiş və Fuad əyləşdiyi oturacağın yanında olan cərəyan qurğusuna telefonu enerji yığmaq üçün qoşub telefonu oturacağın yanına qoymuşdur. Bir qədər sonra Fuad ayaqyoluna getmək istədiyini bildirib, masadan ayrılmış və o təxminən 10 dəqiqə Fuadı gözləmiş, sonra gəlmədiyini görüb, kafeni tərk etmək qərarına gəlmişdir. Telefonunu Fuadın əyləşdiyi oturacaqdan götürmək istəyərkən, yerində olmadığını görmüş və həmin şəxsin telefonu oğurladığını müəyyən etmişdir. Telefonunun arxa qoruyucusunun içərisində isə 47 manat pul olmuşdur. 17.04.2022-ci il tarixdə, bu barədə Səbail RPİ-nin 9-cu PB-nə yaxınlaşıb şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan məhkəmədən əvvəl Fuadın anası ilə danışmış, anası Fuadın bütün ziyanı ödəyəcəyini bildirmişdir. Hal hazırda o, Fuadla barışdığından və ona dəyən ziyan ödənildiyindən həmin şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 15.04.2022-ci il tarixdə, saat 21 radələrində, Səbail rayonunda yerləşən Malakan bağında öncədən mağazadan aldığı “GO” spirtli içkini içmiş, sonra Kukla teatrının yanına gəzərək getmişdir. Orada bir nəfər hərbi geyimli şəxsi görmüş, onunla ünsiyyət qurmuş, çay içməyi təklif etmişdir. Hərbi geyimdə olan şəxs onunla razılaşmış, birlikdə Bulvar ərazisində yerləşən “Lalə” kafesinə getmişlər. Kafedə masaların birində əyləşmişlər, sonra orada kola, dönər, 1 bakal pivə və s. sifariş vermişlər. Həmin şəxs kola içmiş o isə pivə içmişdir. Hərbi geyimdə olan şəxsdən danışmaq üçün telefonunu istəmiş, o isə cibində olan “Hisense 10” markalı mobil telefonu çıxarıb enerjisinin olmadığını demişdir. O orada həmin telefonu adabterlə enerji cərəyanına qoşmaq üçün istəmişdir. Hərbi geyimdə olan şəxs telefonu ona vermiş və o əyləşdiyi oturacağın yanında olan cərəyan qurğusuna telefonu enerji yığmaq üçün qoşmuş və telefonu oturacağın yanına qoymuşdur. Həmin vaxt içkinin təsirindən təbii ehtiyacını ödəmək üçün çölə çıxmaq istəmiş və masadan ayrılmışdır. Həmin vaxt adını sonradan bildiyi Bahadur adlı şəxsin telefonunu götürmüş, cibinə qoymuş və kafedən çölə çıxıb oradan uzaqlaşmışdır. İçkinin təsirindən hara getdiyini xatırlamamışdır, sadəcə onu ətrafda olan şəxslərin Səbail rayonu, Neftçilər prospektində yol kənarında bir taksiyə əyləşdirib, yola saldıqlarını xatırlamışdır. İlk öncə həmin ərəfədə oğurladığı telefonu itirdiyini demiş, sonradan 10 manata satdığını etiraf etmişdir. Məqsədi telefonu oğurlamaq olmuşdur və bunu Bahadurun xəbəri olmadan gizlin həyata keçirmişdir. Telefonun qoruyucusunda 47 manat pulun olmasını görməmişdir. Səbail rayonunda yerləşən Malakan bağının girəcəyində PPXB-nün əməkdaşları telefon oğurluğunda şübhəli olduğumu qeyd edib, onu Səbail RPİ-nin 39cu PB-nə gətirmiş, oradan isə Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları onu polis bölməsinə gətirmişdirlər. Əməlindən səmimi peşmandır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə 18.04.2022-ci il tarixli qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, baş vermiş xırda talama faktı üzrə əməli törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın aidiyyatı əməkdaşa həvalə edilməsindən ötrü təhqiqat orqanının rəhbərinə təqdim edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna və maraqlı tərəfə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2022-ci il tarixdə, saat 23:05 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan zərər çəkmiş şəxs X2 Səbail Rayon Məhkəməsinə ünvanlanmış 18.04.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş manat maddi ziyan Şəxs tərəfindən tam ödənilmişdir, həmin şəxsə qarşı heç bir tələbi və iddiası yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.0.10, 105, 109.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar