Məhkəmə qərarları › İş №3(009)-769/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-769/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-769/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş 15 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 mart 2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Corona” çay evində 2 dostu ilə heç bir qayda pozuntusu etmədən çay içmişlər. Saat 23:03-də çay evindən çıxarkən Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmış, orada ona xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı 400 manat məbəğində cərimə edilməsi barədə inzibati xəta haqqında protokol tərtib etmişlər. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Ona görə də Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək göstərmişdir ki, o, karantin qaydalarını pozmadığı halda qanunsuz olaraq 400 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmçinin onun tələbə olması nəzərə alınmamışdır. Göstərdiklərini, eləcə də tələbə olmasını nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X3 şikayətə etiraz edərək göstərmişdir ki, 15 mart 2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Corona” çay evində X4 iki dostu ilə birgə gəlyan çəkirdilər. Bununla bağlı onların barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətin təmin edilməməsini və X4 barəsində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 15 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 15 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 15 mart 2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Corona” çay evində karantin rejimi qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 15 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 15 mart 2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Corona” çay evində karantin rejimi qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.11.1-ci bəndində qeyd olunmuşdur ki, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağandır. Həmin Qərarın 2-ci hissəsinə əsasən qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 17 aprel 2003-cü il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş tələbə biletindən görünür ki, X4 2018-ci ildən Azərbaycan Respublikası Bakı X5 tələbəsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 15 mart 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Corona” çay evində karantin rejimi qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi hazırki iş üzrə X4 15 mart 2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Corona” çay evində gəlyan çəkərək karantin rejimi qaydalarını pozması sübuta yetirilir və həmin xətanın aradan qaldırıması üçün şikayətçi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Məhkəmə barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış şəxs X2əməlinin tövsifi hissəsində Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin gəldiyi nəticə ilə razılaşır, lakin ona təyin edilmiş cərimə növündə tənbeh tədbirinin məbləği sərt olduğundan əsassız hesab edir. Müəyyən edilmişdir ki, X2 barəsində Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən 15 mart 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən (inzibati xəta törədildiyi vaxt) onun 18 yaşı tamam olmamışdır, yəni o, həmin vaxt yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə X4 inzibati xətanı törədərkən yetkinlik yaşına çatmadığını, eləcə də hazırda Azərbaycan Respublikası Bakı X5 tələbəsi olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə X2 Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında təyin edilmiş 400 manat məbləğində cərimənin məbləği 200 manata endirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin İnzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək X4 barəsində tətbiq edilmiş 400 manat məbləğində cərimə növündə inzibati tənbehi 200 manata endirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X4 barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbehinin məbləği 200 (iki yüz) manata endirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar