Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-778/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 14.02.2022-ci il tarixində, saat təxminən 18:15 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMW 320” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu küçəsi ilə üzü Qaradağ rayonu istiqamətində təxminən 80-90 km/saat sürətlə hərəkət etmişdir. O, “Sədərək” TM-yə gedən yol ayırıcısmda yerləşən işıqforun yaşıl işığının yanıbsöndüyünü görmüş, qadağanedici qırmızı işıq yanana qədər yol ayıncısmı keçib qurtaracağını düşünərək həmin sürətlə yoluna davam etmişdir. Yol ayırıcısına daxil olduğu zaman əvvəlcədən fikir vermədiyi üçün onunla eyni istiqamətdə, ondan qarşıdahərəkətdə olan “Hyundai Elantra” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sola manevr edərək dairəyə daxil olmaq istədiyini görmüşdür. Hadisənin qarşısını almaq məqsədilə o, dərhal əyləci basaraq sükanı nisbətən sağa tərəf çəkməsinə baxmayaraq, nəqliyyat vasitələri arasında olan məsafə az olduğundan idarə etdiyi avtomobili tam dayandıra bilməmişdir. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşı hissəsi ilə qarşı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində qarşı avtomobilin tanımadığı sürücüsü xəsarət aldığı üçün hadisə yerinə təcili yardım qrupu çağırılmışdır.Bir qədər sonra hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları da gəlmişlər. Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Bundan əlavə həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 tərəfindən daxil olmuş 14.02.2022-ci il tarixli, № 2/5539 saylı tibbi nüayinə aktına əsasən Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 25.02.2022- ci il tarixli, 108 saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt dodağın əzilmiş-cırılmış yaraları, eləcə də çənə nahiyəsinin sıyrığı bərk küt əşya(lar)ın təsirindən törənmişlər, 14.02.2022-ci il tarixli yol- nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, 14.02.2022-ci il tarixində, saat təxminən 18:15 radələrində Şəxs idarə etdiyi “BMW 320” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu küçəsi ilə üzü Qaradağ rayonu istiqamətində hərəkətdə olmuş, “Sədərək” TM-yə gedən yol ayırıcısmda ondan qarşıda hərəkətdə olan nəqliyyat vasitələri ilə düzgün ara məsafəsi seçmədiyi üçün onun avtomobilinin qarşı hissəsi ilə həmin zaman onunla eyni istiqamətdə, onunla eyni hərəkət zolağında, ondan qarşıda sola, yəni dairəyə doğru manevr edən X1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi arasmda toqquşma baş vermişdir. Müəyyən olunmuşdur ki, BMW 320” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-778/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-778/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver