Məhkəmə qərarları › İş №3(009)-784/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-784/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-784/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X2 Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 oğlu şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, anket məlumatlarında göstərdiyi ünvanında ailəsilə birlikdə yaşayır. BA025164 nömrəli, 23 sentyabr 2031-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi və 28 mart 2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə etmək üçün nəzərdə tutulmuş etibarnamə əsasında “Toyota Prius (Hibrid)” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 30 mart 2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində Bibiheybət yolu istiqamətində hərəkətdə olan zaman o,, sağ solaqla hərəkət edib sola dönmə işıqlarımı yandıraraq qanunla nəzərdə tutulmuş qaydada geriyə manevr etmək istəyərkən onunla eyni zolaqda hərəkətdə olan və arxasında gələn avtomobil onun idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsini vuraraq ona maddi ziyan vurmuşdur. Hadisə yerinə polis əməkdaşları dəvət olunmuş və hadisə yerinə baxış keçirilərək zəruri hərəkətlər aparılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı, polis kapitanı Nümayəndə2 tərəfindən İXP ******* saylı, 31 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı, polis polkovnik-leytenantı Nümayəndə1 tərəfindən TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 (qırx) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin DYPŞ əməkdaşlarının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan həmin qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, o, özünü qeyd olunan inzibati xəta üzrə təqsirli bilmir, hesab edir ki, əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Belə ki, onunla eyni zolaqda ondan arxada hərəkət edən sürücüyə dönəcəyi barədə sola dönmə işığını yandıraraq məlumat vermiş və sürücü bundan kifayət qədər məlumatlı olmuşdur. Sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50- ci və 51-ci maddələrinin tələblərini pozması qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə və istifadəsində olan nəqliyyat vasitəsinə maddi ziyan yetirilməsinə səbəb olmuşdur. Bununla da aydın olur ki, tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar polis əməkdaşlarının qərəzli münasibətinin nəticəsidir. Dəfələrlə o, polis əməkdaşlarına ərazidə yerləşən və yol-nəqliyyat hadisəsinin video-müşahidəsini aparan kameranın görüntülərinə baxmaqla əmələ hüquqi qiymət verilməsinə dair şifahi vəsatətlə müraciət etsə də vəsatətlərinin heç birinə hüquqi qiymət verilməmiş və onun hüquqları kobud surətdə pozulmaqla barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı, polis kapitanı Nümayəndə2 tərəfindən tərtib olunmuş İXP ******* saylı, 31 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol da qanunun tələlərinə riayət olunmadan tərtib olunmuşdur. Belə ki, polis əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hüquqları və vəzifələri izah olunmamış, inzibati xətanın mahiyyəti və inzibati xətanın törədilməsi nəticəsində şəxsə maddi ziyan dəyməsinə dair qeydlər inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır, (inzibati xəta haqqında protokola nəzər saldıqda müəyyən olunur) Polis əməkdaşının bu cür qanunun tələblərini kobud surətdə pozaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi hüquqa ziddir. Odur ki, Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı, polis polkovnik- leytenantı Nümayəndə1 tərəfindən qəbul edilmiş TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçiyə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı, 31 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, 30 mart 2022-ci il tarixində, saat 07:00-da Bibiheybət yolunda idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X2 inzibati icraat aparılarkən verdiyi izahatından görünür ki, 30 mart 2022-ci il tarixində, saat 07:00-da Bibiheybət yolu, Bibiheybət Məscidi istiqamətində idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən sola dönərkən arxadan sürətlə gələn Ford markalı avtomobilə çırplaraq yol nəqliyyat hadisəsi baş vermişdir. O, sola dönərkən güzgüdən arxaya baxmış, arxadan gələn avtomobil çox uzaqda olmuşdur. İş materiallarına əlavə edilmiş X7 inzibati icraat aparılarkən verdiyi izahatından görünür ki, 30 mart 2022-ci il tarixində, saat 07:00-da Bibiheybət yolu, Bibiheybət Məscidi istiqamətində idarə etdiyi “Ford tranzit” markalı, 99-EP 608 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman yolun sağ tərəfində hərəkətə başlayan “Toyota Prius (Hibrid)” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən sola dönərkən onun avtomobilinin qabaq sağ hissəsi həmin avtomobilin sol yan hissəsinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Ford tranzit” markalı, 99-EP 608 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi düz istiqamətdə hərəkətdə olarkən “Toyota Prius (Hibrid)” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sola dönərkən “Ford tranzit” markalı, 99-EP 608 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X4, şikayətini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı, polis polkovnik-leytenantı Nümayəndə1 bildirmişdir ki, X1 zolaqdan sol zolağa yerdəyişmə edərkən həmin yolda düzünə istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin yoluna çıxaraq yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Sürücü manevr etmək istəyərkən diqqət etməyib həmin sürücünün gəlməsinə baxmayaraq düzünə hərəkət etmək istəyən sürücünün qarşısından geriyə qayıtmaq istədikdə yol nəqliyyat hadisəsi baş vermişdir. Qərar qanuni və ədalətli olduğudan şikayətin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9, “Ford tranzit” markalı, 99-EP 608 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş sürətdə hərəkət edərkən Toyota Prius (Hibrid)” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birdən sola manevr etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt onun yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X8 oğlu təqsirli olmadığını bildirsə də məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X3 əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X6 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar