Məhkəmə qərarları › İş №3(009)-785/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-785/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-785/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili X5 rayon Polis İdarəsinin 09-cu PB-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş 15.03.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon 09-cu PB-nin sahə rəisi X7 tərəfindən 15.03.2022-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş protokolda və həmin protokol üzrə qəbul edilmiş qərarda qeyd edilir ki, güya o, 15.03.2022-ci il tarixdə gecə vaxtı ictimai yerdə səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Bununla əlaqədar bildirir ki, o, 15.03.2022-ci il tarixdə dostları ilə birlikdə Nizami küçəsində dayanmışdır. Həmin vaxt post-patrul əməkdaşı onlara yaxınlaşıb bildirmişdir ki, onlardan şikayət vardır. Buna görə onlar 102-yə zəng etmiş, onlardan şikayət olub-olmaması ilə maraqlanmışlar. Bildiriblər ki, onlardan şikayət olmamış, lakin post-patrul yaxınlaşıbsa bölməyə getməlidirlər. Onlar da bölməyə getmişlər. Bölmədə üç saata kimi onları saxladılar. Sonradan barələrində protokol tərtib etdi ki, guya onlar səsküy salmışlar. Əslində heç bir səs-küy etməmişlər, polis özləri onlara 23-50 radələrində yaxınlaşmışdır. İzahatlarını alandan sonra onları buraxmışlar, sonradan ona məlum olub ki onları cərimə etmişlər. Tərtib edilmiş protokola razı olmamağı barədə bildirmişdir. Lakin əsassız olaraq onu cərimə etmişlər. Ona nə protokolun surəti təqdim edilməmiş və nə də cərimə barədə məlumat verilməmişdir. O, dəfələrlə tələb edəndən sonra qərarın surətini ona 01.04.2022-ci il tarixdə vermişlər. Barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar düzgün tərtib edilməmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olmaqla ləğv edilməlidir. Bundan başqa barəsində tərtib edilmiş protokoldan şikayət etsə də yoxlama aparılmamış və onun xəbəri olmadan elə həmin gün də barəsində qərar qəbul edilmişdir. Protokolda qeyd aparmışdır ki, protokolda yazlanlarla razı deyildir. Odur ki, yuxarıda şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 09-cu PBnin sahə rəisi X7 tərəfindən qəbul edilmiş 15.03.2022- ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 09-cu PB-nin sahə rəisi X7 tərəfindən qəbul edilmiş 15.03.2022- ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin 15 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X8 oğlu Respublika paytaxtında 15.03.2022-ci il tarixdə, gecə (saat 0-6), Məişət səs-küyünə qarşı mübarizə Qaydalarının pozulması, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət verlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musigi aiətlərini ucadan çalmağa, televizorları, radiogəbulediciləri, magnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başga üsulla pozmağa görə Azərbaycan Respublikası İXM-in 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 oğlu Azərbaycan Respublikası İXM-in 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh tətbiq edilmişdir. X8 oğlu İXM-nin 521-ci maddəsinə əsasən məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, X8 oğlunun əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X2 iştirakı təmin edilməmiş, eyni zamanda onun hansı əməlinin inzibati xəta tərkibi yaratması protokol və qərarda öz əksini tapmamışdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X8 oğlunun inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X8 oğlunun Azərbaycan Respublikası İXM-in 521-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X8 oğlunun verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Kamil oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Səbail RPİ 09-cu PB-nin MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar