Məhkəmə qərarları › İş №3(009)-787/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-787/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-787/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ləğv prosesində olan “X6” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Ləğv prosesində olan “X6” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “X6” ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ləğv prosesində olan “X6” ASC onun mülkiyyətində (istifadəsində) olan “VAZ 21902 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, ləğv prosesində olan “X6” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, ləğv prosesində olan “X6” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ləğv prosesində olan “X6” ASC-nin nümayəndəsi X5 göstərmişdir ki, “X6” ASC hal-hazırda ləğv prosesindədir, hüquqi şəxs kimi fəaliyyət göstərmir. “X6” ASC-nin ləğvedicisi X1. Bu səbəbdən də “X6” ASC-yə aid məktublar Əmanətlərin Sığortalanması Fonduna göndərilir. Səbail RPİ-nin DYPŞ-nin sorğusu “X6” ASC-nin ünvanına göndərilmişdir, bu səbəbdən də sorğuya cavab verilməsi mümkün olmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ləğv prosesində olan “X6” ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin ləğv prosesində olan “X6” ASC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “VAZ 21902 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2021-ci il tarixdə saat 08:50-də Bakı şəhəri Salatın Əsgərova küçəsində texniki baxışdan keçirilmədən idarə edildiyindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxx 2021-ci il tarixdə ləğv prosesində olan “X6” ASC-nin məsul şəxsi (Fətullazadə) tərəfindən imzalanmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X6” ASC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞsi tərəfindən “X6” ASC-nin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu xx xxxx 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi (Fətullazadə) tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Səbail RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. “X6” ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “X6” ASC-nin ləğv prosesində olması və bununla da, Səbail RPİ-nin DYPŞ-nin sorğusuna cavab verilməsi öhdəliyinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını məhkəmə əsaslı hesab etmir. Belə ki, həm Səbail RPİ-nin DYPŞ-nin sorğusu, həm də, Səbail Rayon Məhkəməsinin məhkəmə iclası barədə bildirişi ləğv prosesində olan “X6” ASC-nin ünvanına göndərilmiş və ləğv prosesində olan “X6” ASC-nin əməkdaşları tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki “X6” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X6” ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar