Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-804/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 24 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 24 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2024-cü il tarixdə, saat 23:50 radələrində idarə etdiyi “BMW 520İ M sport minik” markalı, 90VA009 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə qardaşına məxsus “BMW 520İ M sport minik” markalı, 90VA009 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Səlyan şosesi ilə hərəkətdə olduğu zaman işıq cihazlarından düzgün istifadə etmədiyi və çox avazlı səs siqnalını avtomobilə quraşdırdığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış və siqnalın qanuna uyğun olmadığı ona izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səlyan şosesi ərazisində “BMW 520İ M sport minik” markalı, 90VA009 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı onun üzərində çox avazlı (Fifa) səs siqnalı quraşdırılması aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 fevral 2024-cü il tarixdə, saat 23:50 radələrində Şəxs idarə etdiyi “BMW 520İ M sport minik” markalı, 90VA009 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə çox avazlı (FİFA) səs siqnalı quraşdırmış, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta əməli toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə, tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alınaraq ona İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1 maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə görə iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1 maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-804/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-804/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver