Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-812/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə rəisi X1 iştirakları ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 11.02.21-ci il tarixdə ona Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşı tərəfindən, işlədiyi dükanın gapısında dayanıb, maskasız sigaret çəkdiyinə görə MN-1025372 saylı protokola əsasən 100 manat cərimə yazılmışdır. Bildirir ki, sigareti çəkib bitirdikdən sonra, maskasını taxıb keçmişdi öz iş yerinə. Yolla, şəxsi avtomobil ilə keçən həmin polis əməkdaşı bunu görüb cərimə yazmaq fikrinə düşüb. Polis əməkdaşı ona yaxınlaşdıqda, o, sigaretini çəkib, kötüyünü atıb, maskanı taxıb öz iş yerinə keçib oturmuşdur. Özünü doğru çıxarmaq üçün polis əməkdaşı həmin atılmış kötüyü onun tərəfindən axtarıb tapmağını istədi. Küləkli hava olduğuna görə bunu etmək mümkün olmadı. Həmin polis əməkdaşı dükana daxil olarkən o, maska ilə öz iş yerində olmuşdur. Özünü tam təqdim etmədən, ona bildirmiş ki, cərimə yazacaq. O, doğru olduğunu sübüt etmək istəsə də, polis əmədaşı heç bir sözünə məhəl qoymadı. Sadəcə ağ vərəqə ona məxsus olan şəxsi məlumatları qeyd etdikdən sonra çıxıb getmişdir. Onun iştirakı ilə heç bir protokol tərtib olunmayıb və o, heç bir yerdə imza atmamışdır. xx.xx.2021-ci il tarixdə o, tərtib olunan protokolun sürətini 8-ci PB-dən alarkən protokol ilə tanış olmuşdur. Protokolda onun imzası olmalı yerdən "imtina" sözü kiminsə tərəfindən yazılıb. Göstərdiklərini nəzərə alaraq ona qarşı haqsız və düzgün tərtib olunmayan MN-1017264 saylı qərarın MN-1025372 saylı protokolun, eləcə də cərimənin ləğv edilməsini və həmin polis əməkdaşın lazımı qurumlar tərəfindən tənbəh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək göstərmişdir ki, o, işlədiyi mağazanın qarşısında siqaret çəkərkən maskanı aşağı salmışdır. Onun maskanı aşağı salarkən siqaret çəkdiyini polis əməkdaşı görmüşdür. Lakin o, siqaretini çəkib qurtardıqdan sonra mağazaya daxil olarkən maskasını qaldıraraq mağazaya daxil olmuşdur. Eləcə də o, həm siqaret çəkərkən, həm də mağazaya daxil olarkən onun yanında heç kim olmamışdır. Yəni polis əməkdaşı ona mağazanın içərisində protokol tərtib edərkən o, artıq tibbi maskada olmuşdur. Göstərdiklərini nəzərə alaraq barəsində Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə rəisi X2 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini və MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozaraq tibbi maskadan düzgün istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozaraq tibbi maskadan düzgün istifadə etmədiyinə görə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd edilməlidir ki, MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda Elçin Həmidovun xx.xx.2021-ci il tarixdə Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozaraq tibbi maskadan düzgün istifadə etmədiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçi məhkəmə iclasında şikayətini müdafiə edərkən göstərmişdir ki, o, işlədiyi mağazanın qarşısında siqaret çəkərkən maskanı aşağı endirmişdir. Onun maskanı aşağı endirərək siqaret çəkməsini polis əməkdaşı görmüşdür. Lakin o, siqaretini çəkib qurtardıqdan sonra mağazaya daxil olarkən maskasını qaldıraraq mağaza daxil olmuşdur. Eləcə də o, həm siqaret çəkərkən, həm də mağazaya daxil olarkən onun yanında heç kim olmamışdır. Yəni polis əməkdaşı ona mağazanın içərisində protokol tərtib edərkən o, artıq tibbi maskada olmuşdur. Göründüyü kimi şikayətçi tibbi maskanı məs siqaret çəkmək üçün saldığını bildirsə də, məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs bunun əksi olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, şikayətçinin siqaret çəkmək üçün tibbi maskanı aşağı salması, onun tibbi maskadan düzgün istifadə etməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Göründüyü kimi Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inziati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-812/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-812/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver