Məhkəmə qərarları › İş №3(009)-818/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-818/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-818/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 28 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X9 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 27 aprel 2022-ci il tarixdə Xaqani küçəsi 95 ünvanında yol patrul xidmətinin əməkdaşlarına küçə söyüşləri söymüş və onların qanuni tələblərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 27 aprel 2022-ci il tarixdə, saat 18:15 radələrində yaşadığı ünvanın həyətinə daxil olarkən səs-küy eşitmişdir, səs-küyə yaxınlaşan zaman ailə üzvlərinin və polis əməkdaşlarının mübahisəsini görmüş, mübahisəni aydınlaşdırmaq və sakitləşdirmək məqsədilə oraya yaxınlaşmış, polis əməkdaşlarına heç bir təhqiramiz ifadə işlətməmişdir. Göstərdiklərini nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Polis əməkdaşları özləri təhrikedici hərəkətlər etmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X15 izahatında bildirmişdir ki, 27.04.2022-ci il tarixdə xidmətdə olarkən “Ravon R4” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsə inzibati xəta haqqında protokol tərtib etmək üçün saxlamışlar, xidmət yoldaşı avtomobili idarə edən şəxsin şəxsiyyətini müəyyən edərkən kənar bir şəxs X11 xidmət yoldaşına yaxınlaşmış və avtomobilin yük yerinin açıq idarə olunmasının hər hansı bir xəta tərkibinin yaradıb yaratmamasını bildirmişdir. Həmin zaman o vətəndaşa xidmətə mane olmamağı bildirmiş, özü avtomobilin arxasında olduğundan sualları ona verməyi təklif etmişdir. Həmin şəxs isə cavabında “mən sənlə deyiləm sakit ol” deyə bildirmişdir. Kənara çəkildikdə həmin şəxs təhqiramiz ifadə işlətmişdir. Bu səbəbdən ona dayanması və bölməyə dəvət ediləcəyini bildirmişdir. Şəxs isə uzaqlaşmağa başlamışdır. O, həmin şəxsin arxasınca getmiş və kəmərindən tutaraq saxlamış və qanuni tələblərə əməl etmədiyi, müqavimət göstərdiyi, təhqiramiz ifadə işlətdiyi üçün bölməyə dəvət olunacağını bildirmişdir. Daha sonra X11 qışqırmağa başlamış, bundan sonra anası və X6 qardaşları çölə çıxmış, mübahisə baş vermişdir. X1 üçün sadəcə kəmərindən tutumuşdur, şəxsin köynəyi isə şəxsin özü tərəfindən cırılmışdır. Qeyd edilənlər videogörüntülərdən açıq-aydın müəyyən edilir. X6 anası, həmçinin özü və qardaşı X12 təhqiramiz ifadələr işlətmiş, Şəxs isə ailə üzvlərini sakitləşdirməyə çalışmışdır. Şəxs onlarla mübahisə etməmiş, onların ünvanına nalayıq ifadələr işlətməmiş, əksinə öz qardaşlarını və anasını sakitləşdirirdi. Daha sonra həmin şəxslər polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru Mirzəmmədov Vladik Natik oğlu eyni məzmunlu izahat verərək X8 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında hadisənin videogörüntülərinə baxılarkən müəyyən olunmuşdur ki, X11 və X13 polis əməkdaşının qanuni göstərişlərinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işlətmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında 28 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2022-ci il tarixdə, saat yol patrul xidmətinin əməkdaşlarına küçə söyüşləri söymüş, polisin qanuni tələblərini yerinə yetirməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilməlidir ki, Şəxs məhkəmə iclasında mübahisəni aydınlaşdırmaq və sakitləşdirmək məqsədilə oraya yaxınlaşdığını, polis əməkdaşlarına heç bir təhqiramiz ifadə işlətməmiş, bundan əlavə o, heç bir tabesizlik göstərməyərək polis maşınına əyləşib, 39-cu Polis Bölməsinə gətirildiyini bildirsə də, protokol tərtib etmiş şəxs tərəfindən Şəxs həmin izahatının əksi olaraq, 27 aprel 2022-ci il tarixdə polis əməkdaşlarına tabesizlik göstərməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını inandırıcı hesab edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun polis işçilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar