Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-82/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hard Rock restoranında aşbaz işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin qarşısında içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bank kartları 20-25 manat olan pul kisəsinin oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhər Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin qarşısında içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bank kartları 20-25 manat olan pul kisəsini oğurlamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin təhqiqatçısı polis leytenantı Toğrul Əsgərli tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin qarşısında içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bank kartları 20-25 manat olan pul kisəsi oğurlanmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis kapitanı X4 protokola uyğun izahat vermiş, qanunun tələbinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin yaxınlığında içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bank kartları və pul məbləğinin olan pul kisəsini itirmişdir, oradan uzaqlaşıb 5 dəqiqədən sonra qayıdıb axtarmış, lakin tapmamışdır. 102 xidmətinə məlumat vermiş, sonradan pul kisəsini Şəxs tapdığı və pulu götürdüyünü bilmişdir. Hazırda aralarında razılıq əldə edilmiş, pul məbləğini ona qaytaracağını bildirmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin yaxınlığında yoldan dostu ilə bilikdə keçərkən yerdə pul kisəsi olduğunu görmüş, ətrafa baxmış heç kimin olmadığından onu götürmüşdür, sonradan onu polis bölməsini dəvət etmişlər və pul kisəsinin kimə məxsus olması anlaşılmışdır. Zərəri ödəyəcəkdir. Nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin yaxınlığında yoldan dostu ilə bilikdə keçərkən yerdə pul kisəsi olduğunu görmüş, onu götürmüşdür, həmçinin həmin vaxt ətrafda heç kimin olmadığı da müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. İXM-nin 227-ci maddəsinin dispozisiyasından görünür ki, məhz xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, işin hallardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X5 xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami heykəlinin yaxınlığında pul kisəsini itirmiş, Şəxs isə yoldan dostu ilə bilikdə keçərkən yerdə pul kisəsi olduğunu görmüş, onu götürmüşdür. Bu hal tərəflərin izahatları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs yoldan keçərkən yerdə pul kisəsi olduğunu görərək onu götürməsi xırda talama, yəni oğurluq kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, X3 barəsində olan hazırki material üzrə İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. (53.2) Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 22:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs barəsində olan material üzrə inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsi nəticəsinə gəlindiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-82/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-82/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver