Məhkəmə qərarları › İş №3(009)-822/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-822/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-822/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, ilə, xx xxxxxxxx 1983-cü ildə Qazax rayonu, Mollacəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağstafa rayonu, Mollacəfərli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2020ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, protokol tərtib edilən zaman sərxoş olmamışdır. Belə ki, o, barəsində protokol tərtib edildikdən təxminən bir saat yarım sonra, özü könüllü həkimə müraciət etmiş və onun sərxoş olmaması müəyyən edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, yol nəqliyyat hadisələrinin təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işə əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə 24 dekabr 2020-ci il tarixli protokoldan məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs spirtli pivə içməsini, həkim müayinəsinə ehtiyacın olmasını, alkotesterin göstəricisi ilə razı olduğunu yazaraq imza etmişdir. O, protokolda olan mətni özü yazmış və imzası ilə təsdiq etmişdir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə “Chery Flaccloud” (minik) markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş olması aşkar olunmuşdur. İş materiallarına olan sərxoşluq vəziyyətinin müayinəsinə dair alkotsetrdən çıxarışdan görünür ki, 24.12.2020-ci il tarixdə Şəxs sərxoş olmuşdur, 0,359% promilli. İşə əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 24.12.2020-ci il tarixli, 749651 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə “Chery Flaccloud” (minik) markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş olması aşkar olunmuş və o, izahatında “həkimə getməyə ehtiyac yoxdur, spirtli içki qəbul etmişəm, alkotesterin nəticəsi ilə razıyam, söz verirəm ki, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəm” sözlərini qeyd edib və yazdığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 24.12.2020-ci il tarixli, 2/13892 nömrəli, saat 20:00-da tərtib edilmiş protokoldan görünür ki, Şəxs ayıqdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24 dekabr 2020-ci il tarixdə, saat 18:42 radələrində Şəxs Bakı şəhəri DYP-nin əməkdaşları tərəfindən saxlanılmış və onun “Chery Flaccloud” (minik) markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olması aşkar olunmuşdur. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib edilərkən o, izahatında həkimə getməyə ehtiyac olmadığını, spirtli içki qəbul etməsini, alkotesterin nəticəsi ilə razı olduğunu etiraf etmişdir. Göründüyü kimi Şəxs 24 dekabr 2020-ci il tarixdə, saat 18:42 “Chery Flaccloud” (minik) markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi həm iş materialları ilə, həmdə inzibati xəta törədilən vaxt Şəxs etiraf edici izahatı ilə tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli, 2/13892 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokoluna münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, sərxoşluq faktı 24 dekabr 2020-ci il tarixdə saat 18:42-də aşkar olunmuş, Şəxs isə həmin gün saat 20:00-da tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən protokol (24.12.2020-ci il tarixli, 2/13892 saylı) iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Hazırki işdən isə görünür ki, 24 dekabr 2020-ci il tarixdə Şəxs barəsində içkili olmasına dair inzibati xəta haqqında protokol tərtib edilərkən, o, içkili olmasını etiraf etiyindən, onun polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmasına zərurət olmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar