Məhkəmə qərarları › İş №3(009)-825/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-825/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-825/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 dekabr 2020-ci il tarixli, 00100-2283/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-825/2021 saylı, 04.05.2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2021 saylı, 29.06.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 17 dekabr 2020-ci il tarixli, 00100-2283/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına HH208UU/LL694İ nömrəli avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsinə **********2240 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 13600 kq “odadavamlı sementler, inşaat məhlulları, betonlar və analoji tərkiblər” yükünə 23 oktyabr 2020-ci tarixdə ünvan 3 ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan anbarda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı HH208UU/LL694İ nömrəli avtomaşında daxil olmuş mallara aid gömrük orqanına təqdim olunmuş **********2240 sorğu nömrəli 19 oktyabr 2020-ci il tarixli gömrük beyannaməsi ilə bəyan olunan 13600 kq “odadavamlı sementlər, inşaat məhlulları, betonlar, bə analoji tərkiblər” yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən, 2220 kq “odadavamlı sementlər, inşaat məhlullları, betonlar və naloji tərkiblər” yükü aşkar olunmuşdur. 00100-2283/20 saylı inzibati xəta haqqında iş üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zərurəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 2220 kq odadavamlı sementlər, inşaat materialları , betonlar və analoji tərkiblər” yükünün 19.10.2020-ci il tarixə orta bazar qiyməti barədə rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1400-013/006-22/008355 nömrəli, 30.10.2020ci il tarixdə müraciət olunmuş, 09/4875 saylı, 08.12.2020-ci il tarixli məhkəmə ekspertizasının rəyində ekspertizaya təqdim edilmiş 1kq oda davamlı sementin 19.10.2020-ci il tarixə orta bazar qiyməti təxminən 1,30 manat, 2220 kq-nin qiyməti isə 2886 manat müəyyən edildiyi qeyd edilmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Türkiyə Respublikasının “X8 X10 İnternet Hizmetleri Sanayi ve Ticaret” Limited şirkəti ilə Şəxs MMC arasında 02 oktyabr 2020 tarixində bağlanmış müqavilə əsasında 13600 kq həcmində 52,088 Türk Liresi dəyərində 1700 bağlama İzopoint məhsulu sifariş edilmişdir. Türkiyə Respublikası Gömrük orqanı tərəfindən təqdim olunmuş 12 oktyabr 2020 tarixli ixrac bəyannaməsindən göründüyü kimi, ixrac rəsmiləşdirilməsi zamanı məhsulun çəkisi 13600 kq təşkil etmişdir. Bakı Baş Gömrük İdarəsində **********2240 nömrəli sorğu ilə 19 oktyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 13600 kq “odadavamlı sementlər, inşaat məhlulları, betonlar və analoji tərkiblər yükü ilə bağlı BBGİ tərəfindən təqdim olunmuş 29 oktyabr 2020 tarixli ekspertiza təyin edilmə haqqında qərardaddan göründüyü kimi “odadavamlı sementlər, inşaat məhlulları, betonlar və analoji tərkiblər” yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən 2220 kq əlavə yük aşkar olunması iddia edilərək qeyd edilir. Qeyd edilən məsələ ilə əlaqədar təchizatçı “X8 X10 İnternet Hizmetleri Sanayi ve Ticaret” Limited şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq qeyd olunan artımın daşınma zamanı həcmi dəyişmədən kütləsinin artımının mümkün olduğu qeyd edilmişdir. Belə ki, hər 8 kq-lıq bağlamada 1 və ya 1,5 kq dəyişiklik məhsulun daşınma zamanı kimyəvi parçalanması səbəbilə həcmin dəyişməməsi şərtilə kütlə dəyişikliyi baş verir. Onu da bildiririk ki, məhsulun satış dəyəri çəkiyə görə deyil, bağlama sayına görə müəyyənləşir. Yuxanda qeyd olunan səbəblər, malın daşınma zamanı kimyəvi parçalanmaya məruz qalması,çəkisinin dəyişməsi onu göstərir ki, barələrində tərtib olunmuş inzibati protokol əsasızdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, sənədlərdən göründüyü kimi gətirilən malları netto çəkisi 13 600 kq təşkil etmişdir. 09.10.2020-ci il tarixdə Türkiyə Respublikasında yüklənmiş həmin mallar 16 oktyabr 2021-ci il tarixdə Sərhəd gömrük orqanı Qırmızı körpü gömrük postundan keçərkən Yük avtomobilləri ilə beynəlxalq daşıma (CMR) sənədində malın çəkisinin artıq olması qeyd olunmasına baxmayaraq bundan 3 gün sonra yəni 12.10.2021-ci il tarixdə DBG-də bəyan edilərkən malın çəkisi yenidən 13600 kq göstərilmişdir. Bununla belə müşayiət sənədlərində və istehsalçının təqdim etdiyi digər sənədlərdə malın daşınma zamanı çəkisinin artması kimi hər hansı bir qeyd mövcud deyildir. Yoxlama zamanı malın çəkisinin daşınması zamanı 1/3 qədər artması nə toplanan sənədlərlə, nə də başqa bir sübutla öz təsdiqini tapmır. Sement məhsulunun malların daşınma zamanı onun kimyəvi parçalanması zamanı onun kütləsinin dəyişməsini şərtləndirmir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından HH208UU/LL694İ nömrə nişanlı avtomaşında daxil olmuş və **********2240 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirən zaman, oda davamlı sement yükününü çəkisinin bəyan olunandan (13600,00 kq) 3560 kq artıq, yəni 17160 kq olduğu aşkar edilmişdir. İş materiallarında olan 29 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Şəxs tərəfindən **********2240 saylı sorğu saylı gömrük bəyannaməsi ilə bəyan edilən “odadavamlı sementlər, inşaat məhlulları, betonlar və analoji tərkiblər” yükə yenidən gömrük baxışı keçirilmiş, mallar bir-bir tərəziyə qoyularaq çəkilmiş, nəticədə məlum olmuşdur ki, malların çəkisi 13600 kq bəyan edildiyi halda, faktiki olaraq 15820 kq olduğu, yəni 2220 kq “odadavamlı sementlər, inşaat məhlulları, betonlar və analoji tərkiblər” yükü gömrük bəyannaməsində qeyd edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekpertizasının 08 dekabr 2020-ci il tarixli 9/4875 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş oda davamlı sementin 1kq-nın 19.10.2020-ci il tarixə orta bazar qiyməti təxminən 1,30 manat, 2220,0 kq-nın qiyməti isə təxminən 2886,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi tərəfindən malların daşınma zamanı kimyəvi parçalanmaya məruz qaldığından, çəkisinin dəyişdiyindən, inzibati xətanın bütün əlamətlərinin mövcud olmaması və Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə etirazını əsaslı hesab etmir. Belə ki, həmin malların həqiqətən daşınma zamanı kimyəvi parçalanmaya məruz qaldığı, malın çəkisinin daşınması zamanı 1/3 qədər artması nə toplanan sənədlərlə, nə də başqa bir sübutla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin 2886,00 (iki min səkkiz yüz səksən altı) manat məbləğinin 30 (otuz ) faizi məbləğində, yəni 866.00 (səkkiz yüz altmış altı) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar