Məhkəmə qərarları › İş №3(009)-825/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-825/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-825/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli, 00100-00623/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/026149 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən, xx.xx.2024-cü il tarixində Çin Xalq Respublikasından Azərbaycan Respublikasına 92AD445/92AD446 dövlət nömrə nişanlı avtomaşının üzərində PCİU ******* nömrəli konteynerdə gələn, 200624S21 nömrəli xx.xx.2024-cü il tarixli invoysla müşayiət olunan və Bakı Baş Gömrük İdarəsində **********2247 saylı gömrük bəyannaməsi ilə bəyan olunan, X1 ünvanına gələn yükə gömrük anbarında gömrük yoxlaması keçirilərkən, bəyannamənin 1-ci mal mövqeyində bəyan olunan elektron siqaret mallarının aksiz markası olmadığı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Rəsmiləşdirmə Mərkəzi, 1-ci şöbənin rəisi Rüfət İsgəndərov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixində Çin Xalq Respublikasından Azərbaycan Respublikasına 92AD445/92AD446 dövlət nömrə nişanlı avtomaşının üzərində PCİU ******* nömrəli konteynerdə gələn, 200624S21 nömrəli, xx.xx.2024cü il tarixli invoysla müşayiət olunan və Bakı Baş Gömrük İdarəsində **********2247 saylı gömrük bəyannaməsi ilə bəyan olunan fiziki şəxs X2 ünvanına gələn yükə gömrük anbarında gömrük yoxlaması keçirərkən, gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan olunan elektron siqaret malının Azərbaycan Respulikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 48 nömrəli qərara əsasən aksiz markası olmadığı tərəfimizdən aşkar olunmuşdur. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, X2 tərəfindən mallar xx.xx.2024-cü il tarixdə idxal edilmişdir. İş materiallarında olan qablaşdırma siyahısından görünür ki, 2000 ədəd, 138 kg elektron siqaret idxal edilmişdir. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, "xxxx" MMC-də anbardar işləyir. Dolanışı aldığı əmək haqqından ibarətdir. Aldığı maaş tam qane etmədiyindən ticarətlə məşğul olmaq qərarına gəlmişdir. Bu ilin iyul ayında Vöen hesabı əldə etmişdir. Elektron siqaret alıb satacaqdı. Elgün adlı tanışı bu işlə məşğuldur, ondan kömək istəmişdir. Elgünün köməyi ilə Çindən 2000 ədəd elektron siqaret sifariş etdi. Mallar sifarişdən təxminən 2 ay sonra Bakı şəhərinə çatdı. Gömrük anbarında mallara keçirilən yoxlama zamanı həmin malların aksiz markasız olduğu üçün saxlanıldığı barədə mənə məlumat verilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postuna ezam olunmuş inspektor X4 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, 2019-cu ilin avqust ayından gömrük orqanlarında işləyir, 2024 cü ilin may ayından "İpək Yolu" gömrük postuna ezam olunmuş, gömrük xidməti polkovnik- leytenantı xüsusi rütbəsini daşıyır. Xidməti vəzifəsi İpək Yolu gömrük postunda rəsmiləşdirilən və post rəhbərliyi tərəfindən yoxlanılması ona həvalə olunmuş yüklərə fiziki olaraq gömrük yoxlamasının aparılmasından, həmçinin yüklə bağlı tərtib olunmuş bəyannamələrdə və mal-müşayiət sənədləri ilə eynilik təşkil edib-etmədiyinin yoxlanılmasından ibarətdir. X1 ünvanına gələn və **********2247 saylı gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilən malların yoxlanılması İpək Yolu gömrük postunda aparılan bölgü əsasında ona həvalə olunmuşdur. xx.xx.2024-ci il tarixində həmin yüklərə tərəfindən yoxlama keçirilmişdir. Yoxlama da idxalatçının nümayəndəsi və 2 nəfər hal şahidinin iştirakları təmin edilmişdir. Yoxlama zamanı, gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan olunan 1999 ədəd "Aokit" nişanlıelektron siqaretlərin aksiz markasız olduğu aşkar edildi. Daha sonra bu barədə tərəfimdəm protokol tərtib edildi və protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq olunmuşdur. 21 fevral 2025-ci il tarixli qərarla 3-33-1100/012/026149 nömrəli material üzrə Azərbaycan Respublikasının vətəndaşı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X5 barəsində Azərbaycan Respublikası CM-in 206.1, 213-1.1, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılmaqla qanunamüvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci madədsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə- aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd hissəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və va məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi “az miqdarda” dedikdə beş yüz manatadək olan məbləğ basa düşülür. Nəticədə, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 508-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın predimeti olan mallar ümumilikdə gömrük dəyəri 487,90 (dörd yüz səksən yeddi manat doxsan qəpik) olan elektron siqaretlər müsadirə edilməklə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar