Məhkəmə qərarları › İş №3(009)-827/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-827/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-827/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, “Şəxs” MMC-nin Azərbaycan Respublikası İXM-nin 239 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs” MMC-nin Azərbaycan Respublikası İXM-nin 239 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 mart 2021-ci il tarixində “Şəxs” MMC-nin ərazisinə baxış zamanı fəaliyyətlə bağlı olaraq ekoloji normativ sənədlərin olmaması və ya təqdim edilməmsi, həmçinin fəaliyyət zamanı qaz-tor tutum qurğularından istifadə edilməməsinə görə “Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239 və 237.2-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək “Şəxs” MMC-nin İXMin 239 və 237.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” MMC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiarkçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməli, həmçinin “Şəxs” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Şəxs” MMC-yə ünvanlanmış 26/238 saylı 01 mart 2021-ci il tarixli məktubundan görünür ki, “Şəxs” MMC tərəfindən müəssisənin fəaliyyəti zamanı ətraf mühitə təsirinin uçot hesabatı (2TG statistik (su; hava; tullantı)) müəyyən olunmuş müddət ərzində təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq həmin məlumatların təcili olaraq (7 iş günü ərzin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən inzibati tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2021-ci il tarixli 69312 saylı aktından görünür ki, “Şəxs” MMC-nin ərazisinə baxış keçirilərkən məktubda qeyd edilən məsələlərə rəsmi cavabın hazırlanmadığı, fəaliyyət zamanı atmosfer havasına atılan tullantıların qarşısının alınması məqsədilə qaz-tor tutum qurğularının olmamasıvə həmin qurğulardan istifadə edilmədiyi, eyni zamanda fəaliyyət zamanı yaranan tullantıların həmin sahə üzrə ixtisaslaşmış olan təşkilatla idarə edilməsi məqsədilə müqavilələrin olmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Şəxs” MMC ona ünvanlanmış 26/238 saylı 01 mart 2021-ci il tarixli məktubla müəssisənin fəaliyyəti zamanı ətraf mühitə təsirinin uçot hesabatı (2TG statistik (su; hava; tullantı)) müəyyən olunmuş müddət ərzində təqdim olunması, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən inzibati tədbir görüləcəyi barədə xəbərdar olunsa da, bununla bağlı heç bir tədbir görməmişdir. Bu fakt “Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübut edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, “Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilsə də inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, “Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən bu hissədə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “Şəxs” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həmçinin, “Şəxs” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata “Şəxs” MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130, 266.2 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinsin və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilsin. “Şəxs” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar