Məhkəmə qərarları › İş №3(009)-827/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-827/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-827/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 28, mənzil 54-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 mart 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Səbail rayonu, Ə.Cavad küçəsində “Bravo” marketdə əşya dolabından vətəndaş X3 məxsus sellofan torbanı (içərisində əşya və tibbi dərmanlar olan) oğurlayraq ziyan vurub. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, məktəbdə gözətçi işləyir. İki dəfə ürək əməliyyatı olmuş, şəkər xəstəsidir. O, işə gedərkən marketə girmiş, əlindəki torbanı əşyalar üçün açarı olmayan dolaba yerləşdirmişdir. 10 dəqiqə sonra bazarlıq edib qayıdanda torbanı yerində tapmamışdır. Mühafizəçilərlə video görüntülərə baxış keçirtmişlər. Müəyyən edilmişdir ki, Şəxs ona aid tünd yaşıl paketi götürüb çıxıb marketdən, içərisində yemək, dərmanlar və tibbi apparatlar mövcud olmuşdur. Ona yeməklər yox, amma dərmanlar və tibbi aparatlar vacibdir. Şikayətçidir, 200 manat həcmində zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, özünü qismən təqsirli bilir. Belə ki, o, çantanı marketdəki dolabdan götürmüş, içərisində yemək olmuşdur, dərmanlar olmayıb, yalnız yemək olub, o da yeməyi yeyib torbanı atıb. Yeməyi götürmüş, digər əşyaları atmışdır. Əməlindən peşmandır. Hazırda dəymiş zərəri ödəmək qabiliyyəti yoxdur. Yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 17 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, baş vermiş xırda talama faktı üzrə əməli törətmiş naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın aidiyyatı əməkdaşa həvalə edilməsindən ötrü təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan AZA № 026335 nömrəli, 15 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2025-ci il tarixdə, saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, proses iştirakçılarının, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatları ilə yanaşı iş materialları və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bundan başqa, Şəxs polis bölməsində yazdığı izahatından görünür ki, paketin içindəki yeməyi götürüb yeyib, digər əşyaları və dərmanları yaxınlıqda zibilliyə tullayıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, eləcə də dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 15 mart 2024-cü il tarixdən, saat 19:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 15 mart 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar