Məhkəmə qərarları › İş №3(009)-831/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-831/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-831/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində Şəxs MMC-ə məxsus yük daşıma yerinə yetirən “Lada Largus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitəsinin sürücüsü reysqabağı və digər zəruri tibbi müayinəsini təşkil edilmədiyi aşkar edilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-ə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MMC-nin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 mart 2025-ci il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntular aşkar olunması haqqında aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində Şəxs MMC-yə məxsus yük daşıması yerinə yetirən “Lada Largus” markalı **-JA-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən sürücü Azər Talehov Azərbaycan Respublikası NK-nın 2009-cu il 24 aprel tarixli 71- N-li qərarı ilə təstiq edilmiş qaydasının 2.2. 3.2-ci bəndlərinin tələblərini pozduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icraatda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 3(009)- 831/2025 nömrəli inzibati xəta haqqında iş vardır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası "nın 3.2-ci bəndinə əsasən 3.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Şəxs öz ərazisində öz vəsaiti hesabına tibb məntəqəsinin açılmasını, onu zəruri avadanlıqla təmin etməyə və Səhiyyə Nazirliyi tərəfindən təyin edilən ixtisaslı tibb işçiləri ilə əmək və ya xidməti müqavilə başlamaqla orada sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinə razılıq alınması məqsədilə dəfələrlə Azərbaycan respublikasının Səhiyyə Nazirliyinə və Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinə şifahi və yazılı müraciətlər etsə də, həmin müraciətləri cavabsız qalmışdır. Odur ki, yekun qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "FOODİNİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ərzaq məhsullarının, o cümlədən süd və süd məhsullarının, topdansatışı ilə məşğul olur. Topdansatış şirkətin Abşeron rayonu Hökməli qəsəbəsində icarəyə götürdüyü anbarlardan şirkətin xüsusi yük avtomobilləri ilə həyata keçirilir. Şirkətdə avtomobillərin sürücüləri saat 8:00-dan işə çıxırlar. Hazırda şirkət sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar ciddi problemlərlə qarşılaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya İstifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında 24 aprel 2009-cu il tarixli 71ºli Qərarı ilə müəyyən edilmişdir ki, Avtomobil nəqliyyatı ilə yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər (bənd 3.2) və sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar (bənd 3.10). Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, əsasən müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Şirkət öz ərazisində öz vəsaiti hesabına tibb məntəqəsinin açılmasını, onu zəruri avadanlıqla təminatını təmin etməyə və Səhiyyə Nazirliyi tərəfindən təyin edilən ixtisaslı tibb işçi ilə əmək və ya xidməti müqavilə bağlamaqla orada Sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təmin etməyə hazırdır. Azərbaycan Respublikasının Nazirlər kabinetinin 24 aprel 2009-cu il tarixli 71 Noli Qərarının icrasını təmin etmək üçün zəruri köməklik göstərilməsi xahiş edilmişdir. Bununla da, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus avtomobilin reys qabağı texniki vəziyyətinin yoxlanılmamış və həmin nəqliyyat vasitəsinin sürücüsü reys qabağı tibbi müayinədən keçməmişdir. Odur ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”na əsasən: • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər (2.2-ci bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir (2.3-cü bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir (2.8-ci bənd); • Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır (2.10-cu bənd); • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər (3.2-ci bənd); • Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Sürücülərin reysqabağı tibbi müayinə jurnalı”nda aparılır (3.8-ci bənd); • Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar (3.10-cu bənd) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar