Məhkəmə qərarları › İş №3(009)-832/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-832/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-832/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1034/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1034/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. Borclu şöbəyə dəvət olunsa da gəlməkdən boyun qaçırmış bu səbəbdən xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək polis idarəsinə göndərilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Tərtər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu şöbədə olarkən ondan izahatı alınmışdır. İzahatında borc məbləğindən hər ay 300 manat aliment ödəyəcəyini bildirmişdir. Tələbkar isə öz növbəsində borcun birdəfəlik ödənilməsini tələb edir. Məlumat üçün bildiririk ki, bugünədək borclu Şəxs tərəfindən tələbkarın xeyrinə 100 manat aliment ödənişi etmişdir və hazırda 6360 manat aliment borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş tələbkar X6 uşağının bronx astma xəstəsi olduğunu və maddi ehtiyacı olduğunu, borclu Şəxs aliment borcunu icra etmədiyini nəzərə alaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, Badamdarda faktiki ailə münasibətlərində olan xanımla yaşayır, varkosel, qarın, bel yırtıqları var. Gəlirinin az olduğunu, əlində pulu olan zaman gəlib aliment borcunu ödəyəcəyini göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, iş materiallarında olan Beyləqan rayon məhkəməsinin 2(020)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 12 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 160 manat alınıb 28 avqust 2018-ci ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin-tələbkarın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətə icra vərəqəsinin icrasını təmin etməmişdir. Halhazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyinin lazımi qaydada yerinə yetirilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Müəyyən edilmişdir ki, Hazırda Şəxs 6360 manat aliment borcu vardır və tam və ya hissəvi borcun ödənilməsi üçün onun tərəfindən heç bir cəhd edilməmişdir, həmçinin o, hər ay ödəməli olduğu 160 manat aylıq aliment məbləğini də ödəmir. Məhkəmə iclasında borclu özü izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Başqa sözlə, onun taksi fəaliyyəti ilə məşğul olması hər ay müəyyən məbləğdə qazancının olmasına dəlalət edir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 17 mart 2025-ci il tarixindən, saat 18:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar