Məhkəmə qərarları › İş №3(009)-834/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-834/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-834/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Mərkəzi bankın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 9012.93 İngilis funt sterlinqi məbləğində vəsaiti 24 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 9012.93 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 fevral 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Mərkəzi bankın nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC (bundan sonra “PDL”) ilə “X3” arasında 06 aprel 2021-ci il tarixli № 21-PDL-T-41 saylı Təchizat Müqaviləsi imzalanmışdır. Çatdırılma Təsdiqi sənədi və Çatdırılma təsdiqi siyahısına əsasən mallar ödəniş tarixindən öncə Azərbaycan ərazisinə çatdırılmış və BPyə təhvil verilmişdir. Müqavilə üzrə ödənişlər qarşı tərəflə əldə edilmiş razılığa əsasən Mallar BP-yə təhvil verildikdən sonra ödənilmişdir. Məhkəməyə təqdim edilmiş bütün sənədlərdə Alış Sifarişi üzrə Malın ardıcıl şəkildə Azərbaycan Respublikasına idxal olunması tam əksini tapır. Şəxs MMC Müqavilə üzrə öhdəliklərini və Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələblərinə tam riayət etməklə tam yerinə yetirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Mərkəzi Banka təqdim edilir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin Paşa Bank ASC-də olan çıxarışından və SWİFT-dən görünür ki, Sifarişçi (BP) İcraçının (PDL) bank hesabına 9012.93 İngilis funt sterlinqi köçürmüşdür. Məhkəmə qeyd edir ki, pul vəsaiti 24 fevral 2022-ci il tarixdə köçürülmüş, lakin gömrük bəyannaməsində isə malın 21 yanvar 2022-ci il tarixdə ölkəyə idxal olunduğu görünməkdədir. Yəni, avans ödənişi edilərkən faktiki olaraq mallar ölkədə olmuşdur. Ödənişin malların dəyərinin ödənilməsi məqsədi ilə olduğu halda bəyannamə təqdim edilməklə bankdan fakt üzrə ödəniş etmək mümkün olmuş, avans kimi gömrük kodu alınaraq ödəniş edilməsinə zərurəti olmamışdır. Digər tərədən, avans ödənilmiş mallar ölkəyə idxal edildiyi zaman bəyannamənin çatdırılma şərti olan 20. Qrafada 100 kodu qeyd olunmalı olmuşdur. Təqdim edilən bəyannamədəki malların kodunun isə 140 kodu olması ona dəlalət edir ki, bu mallar hədiyyə olaraq idxal edilmiş, yəni bu mallar üçün hər hansı bir vəsait ödənilməmişdir. Avans vəsaitin şirkətin özü üçün və ya 3-cü şəxs üçün malların alışı ilə bağlı köçürdüyü halda gömrük bəyannaməsinin 9. Qarafasında vəsaiti ödəyən müvafiq rezvizitləri qeyd olunmalı idi (Ad və Vöen). Təqdim edilən bəyannamədə Şəxs MMC yox BP şirkətinin rekvizitləri qeyd olunmuşdur ki, bu da BP tərəfindən idxal edilən malların maliyyə əməliyyatlarının şirkətin özü tərəfindən aparıldığı və Şəxs MMC ilə hər hansı bir bağlılığının olmadığını göstərir. Bundan əlavə, Şəxs MMC təqdim edilən bəyannamənin idxalatçı bölməsində (8. Qrafa) deyil, ixracatçı (2. Qrafada) malı göndərən qismindən əks olunmuşdur ki, bu da özözlüyündə qeyri-müəyyənlik yaratmışdır. Avans ödəniş edilib malların Şəxs MMC tərəfindən idxal edilməsini təsdiq edən bəyannamə təqdim edilməli olduğu halda cəmiyyətin malları ixrac etdiyini göstərən bəyannamə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği İngilis funt sterlinqi olduğundan cərimənin məbləği İngilis funt sterlinqinin ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9012.93 (doqquz min on iki 93) İngilis funt sterlinqi valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1802.59 (bir min səkkiz yüz iki 59) İngilis funt sterlinqi (İngilis funt sterlinqi ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar