Məhkəmə qərarları › İş №3(009)-835/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-835/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-835/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Odlar Yurdu Universitetində təhsil alan, tələbə, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mkr Mir Cəlal küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqirəndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 03.05.2022-ci il tarixdə saat 23:30 radələrində Səbail rayonu, Fəvvarələr Meydanında küçədə ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş, ona irad bildirən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 03.05.2022-ci il tarixdə Nizami küçəsində yerləşən “Boon” restoranına gəlmiş, həmin restoranda bir qədər spirtli içki qəbul etmiş və yan masada əyləşən dostları Fuad və Həsənlə arasında anlaşılmazlıq yaranmışdır. Onlar restorandan çıxıb sözlə mübahisə etmişlər. Bu zaman dostları onun yanından uzaqlaşsalar da, onun qəzəbi soyumamış, spirtli içkinin təsiri altında olduğundan küçədə uca səslə nalayiq ifadələr işlətmişdir. Bunu görən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək ona irad bildirmiş, ictimai yerdə nalayiq ifadə işlətməməsini tələb etmişlər. Lakin o sərxoş olduğu üçün polisin iradına məhəl qoymamış və əməlinə davam etmişdir. Buna görə də polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş və avtopatrula əyləşməsini tələb etmişlər. Lakin o polis əməkdaşları ilə bölməyə getməyə və avtopatrula əyləşməkdən ilkin olaraq imtina etmiş və böyun qaçırmışdır. Lakin sonradan polis əməkdaşları tərəfindən bölməyə aparılmışdır. İlk dəfədir ki, belə halla rastlaşır və bu səbəbdən də qorxmuşdur və buna görə də polis maşınına minməkdən imtina etmişdir. O istəməyərəkdən bu əmələ yol vermişdir. Onun valideyni də polis orqanlarında bir müddət xidmət etmişdir və heç vaxt polis əməkdaşlarına hörmətsizlik və tabesizlik etməz, sadecə qorxduğu üçün bu hal baş vermişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib, ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkil Vəkil barəsində inzibati iş üzrə icraat aparılan şəxsin əməlini etiraf edərək səmimi peşman olduğunu, hadisə törədilən zaman içkili vəziyyətdə olmasını və qorxmasını, ilk dəfə bu cür hala yol verdiyini və tələbə olduğunu nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri X3 izahatında bildirmişdir ki, 03.05.2022-ci il tarixdə ərazidə xidmətdə olarkən Natavan döngəsindən səs-küy eşitmiş və dərhal onlara yaxınlaşaraq səs-küy salan şəxslərə özünü təqdim etmişdir. Həmin şəxslərdən biri Şəxs küçədə ünvansız nalayiq ifadələr səsləndirmişdir. O həmin şəxsə irad bildirmiş, lakin o iradlara məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Həmin şəxsləri polis bölməsinə dəvət etmək istəyən zaman Şəxs ilkin olaraq avtopatrula əyləşərək bölməyə getməkdən imtina etmişdir. Lakin sonradan şəxslər 9-cu Polis Bölməsinə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 04 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.05.2022-ci il tarixdə saat 23:30 radələrində Səbail rayonu, Fəvvarələr Meydanında küçədə ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş, ona irad bildirən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1 və 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 04.05.2022-ci il tarixli 2/9614 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin gün orta dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx xxxxxx 2001-ci il təvəllüdlü Şəxs 03 may 2022-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu özünün etirafı, şahid ifadəsi və digər iş materialları ilə onun xırda xuliqanlıq və polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis əməkdaşlarına tabesizlik göstərməsi bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin 510-cu maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 03 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar