Məhkəmə qərarları › İş №3(009)-838/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-838/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-838/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMM-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMM-nin Azərbaycan Respublikası İXM-nin 430.4.-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28070.00(iyirmi səkkiz min yetmiş) Avro məbləğində olan vəsaiti Bank hesabından 07 mart 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 22780.00(iyirmi iki min yeddi yüz səksən) Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 430.4.-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi X3 hazırki fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. və 272.2.2.-ci maddələri ilə cinayət işi başlanılmış və Şəxs MMM həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməyini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMM barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DTX-nın İstintaq Baş İdarəsinin 28 aprel 2021-ci il tarixli 7/1519 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. və 272.2.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə Nigeriya Federativ Respublikasının vətəndaşı Marvis Usiobaifo Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. və 272.2.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə 04 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün onun tutulması haqqında qərar qəbul edilmişdir. Hazırki cinayət işi üzrə icraat təqsirləndirilən şəxs Marvis Usiobaifo tutularaq istintaqa təqdim olunanadək dayandırılmışdır. İş materiallarında olan 14 yanvar 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Şəxs MMM ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan 14 yanvar 2020-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Şəxs MMM-nin nümayəndəsi X3 iş üzrə zərərçəkmiş şəxs Şəxs MMM-nin nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iş materiallarını, tərtib olunmuş protokolu araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, və 114-115, 128-129 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar