Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-841/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X3 iştirakları ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iş icazəsi alınmadan əmək müqaviləsi bağlanılaraq Rusiya Federasiyası vətəndaşları xx.xx.1987-ci il təvəllüdlü Savınov Antonu xx.xx.2023-cü il tarixdən korporativ xidmətlərin rəhbəri vəzifəsinə və xx.xx.1978-ci il təvəllüdlü Kırsanov Kırıllı isə xx.xx.2023-cü il tarixdən hazıradək bölmə rəhbəri vəzifəsinə işə cəlb olunmuşdur. Nəticədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, həmin şəxslər iş icazəsi alınmadan və müvəqqəti yaşama icazəsinin müddəti uzadılmadan ölkə ərazisində qanunsuz yaşayırlar. Bu səbəbdən 10 gün ərzində ölkəni tərk etməli idilər. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi inzibati xətanı etiraf etmişdir. Göstərilənlərə əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 protokola etiraz edərək izahatında bildirmişdir ki, məsələ Miqrasiya Məcəlləsi ilə tənzimlənir və bununla bağlı Miqrasiya Məcəlləsinin 64.0.13-cü maddəsi var. Həmin maddəyə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə iş icazəsinin alınması tələbi yoxdur. Protokolda göstərilən iki Rusiya Federasiyası vətəndaşı baş ofisdə xx.xx.2022-ci il tarixdə, Londonda isə xx.xx.2022-ci ildə təsdiq olunmuşdur. Həmin tarixdən şəxslərin müavin təyin edilmələri ilə bağlı qərar var. Bir halda ki, müavindirlər, qanun deyir ki, müavinlər iş icazəsi almaqdan azaddırlar. Azərbaycanda əmək müqaviləsi imzalanmışdır. Lakin kadrlar şöbəsi vəzifələri düzgün qeyd etməmiş, üst-üstə düşməmişdir. Kadrlarda rəsmiləşdirən şəxs “xidmət sahəsi” sözünü əlavə etmişdir. 11 mart 2025-ci il tarixdə özləri aşkar etmiş, protokol tərtib edilməzdən əvvəl aradan qaldırmışlar. Artıq vəzifələr ilə üst-üstə düşür. Müqavilədə də bu göstərilmişdir. X6 Xidməti özləri həmin sənədə istinad edib müvəqqəti yaşama icazəsi vermişdirlər. Göstərilənlərə əsasən inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, "X8 TECHNOLOGY UK LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iş icazəsi alınmadan əmək müqaviləsi bağlanılaraq Rusiya Federasiyası vətəndaşları, xx.xx.1987-ci il təvəllüdlü Savınov Antonu xx.xx.2023-ci il tarixdən korporativ xidmətlərin rəhbəri vəzifəsinə və xx.xx.1978ci il təvəllüdlü Kırsanov Kırıllı isə xx.xx.2023-cü il tarixdən hazıradək bölmə rəhbəri vəzifəsinə işə cəlb edilmişdir. Yuxarıda adları qeyd edilən Rusiya vətəndaşları müvəqqəti yaşama icazəsini "X8 TECHNOLOGY UK LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı Filialında rəhbər müavini əsasında aldığından iş icazəsi almaq lazım olduğunu bilmirdik. Çünki biz adları çəkilən Rusiya Federasiyası vətəndaşlarını rəhbər müavini vəzifəsində işə cəlb etmişdik və müqavilə bağlayarkən texniki səhv nəticəsində müqavilədə belə qeyd edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır (VÖEN: **********). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, şəxs iş icazəsi olmadan xx.xx.2023-cü ildən hazıradək qüvvədə olan əmək müqaviləsi əsasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında korporativ xidmətlərin rəhbəri vəzifəsində işləmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti əmək müqaviləsi sənəd məlumatlarından görünür ki, Savınov Anton ilə müqavilə xx.xx.2023-cü ildə bağlanmışdır və bildiriş qüvvədə deyil. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti əmək müqaviləsi sənəd məlumatlarından görünür ki, Anton Savinov ilə müqavilə xx.xx.2024-cü ildə bağlanmışdır və bildiriş qüvvədədir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin № ********** qəbzindən görünür ki, Anton Savinov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu üçün 400 manat məbləğində cərimə edilmiş və ödənilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti əmək müqaviləsi sənəd məlumatlarından görünür ki, Kırıll Kırsanov ilə müqavilə xx.xx.2023-cü ildə bağlanmışdır və bildiriş qüvvədə deyil. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti əmək müqaviləsi sənəd məlumatlarından görünür ki, Kırıll Kırsanov ilə müqavilə xx.xx.2024-cü ildə bağlanmışdır və bildiriş qüvvədədir. İş materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, şirkətin Azərbaycanda VÖEN ********** ("Filial") qeydiyyat nömrəsi ilə filialı vardır. Rusiya Federasiyasının vətəndaşı Kirill Kirsanov ********* pasport nömrəli, Rusiya Federasiyası vətəndaşı Anton Savinov ilə birlikdə ********* pasport nömrəsi ilə birgə filial müdirinin müavinləri təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Kırıll Kırsanov ilə bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə dəyişiklik edilərək Kırıll Kırsanovun vəzifəsi “satış üzrə menecer”dən “direktor müavini/rəhbər müavini”-nə dəyişdirilmişdir. Dəyişiklik xx.xx.2025-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş Anton Savinov ilə bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə dəyişiklik edilərək Anton Savinovun vəzifəsi “sahə xidmətləri üzrə menecer”dən “direktor müavini/rəhbər müavini”-nə dəyişdirilmişdir. Dəyişiklik xx.xx.2025-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə- vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-cı maddəsinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 64.0.13-cü maddəsinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə iş icazəsinin alınması tələb olunmayan haldır. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, 06 dekabr 2022-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının vətəndaşları Kırıll Kırsanov və Anton Savinov Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında filial müdirinin müavini vəzifəsinə təyin edilmişdirlər. Lakin kadrlar şöbəsi əmək müqavilələrində Kırıll Kırsanov və Anton Savinovun vəzifələrini düzgün olmayaraq “satış üzrə menecer” və “sahə xidmətləri üzrə menecer” kimi qeyd etmişdir. Bu hal Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına sonradan məlum olmuş və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək vəzifələri “direktor müavini/rəhbər müavini” kimi qeyd edilmişdir. Qanunvericiliyə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialının rəhbəri və onun müavini vəzifəsini tutduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyindən, habelə həmin şəxslərə iş icazəsinin alınması tələb olunmadığından inzibati xəta tərkibi yaranmamışdır. Məhkəmə hesab edir ki, belə olan halda hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130, 181.0.1 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-841/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-841/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver