Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-844/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1955-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 19 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Dənizkənarı Milli Parkın Rəhbərliyinin 9-cu Polis Bölməsinə müraciətində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Dənizkənarı Milli Parkın Köhnə Bulvar adlanan ərazisində, “Venesiya” yaxınlığında 18 ədəd zanbaq gülü oğurlanaraq Dənizkənarı Bulvar İdarəsinə 27 manat dəyərində maddi ziyan dəymişdir. Şəxs deməsinə görə o, xx.xx.2024-cü il tarixdə Dənizkənarı Milli Parkda “Venesiya” restoranı yaxınlığında iki ədəd zanbaq gülünü oğurlamışdır. Sonradan Şəxs həmin gülləri bölməyə təhvil vermişdir. Bölmədə videogörüntülərə baxış keçirərkən müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Dənizkənarı Milli Parkda “Venesiya” restoranı yaxınlığında iki ədəd zanbaq gülünü oğurlamışdır. Sonradan gülləri polis bölməsinə təhvil verilmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Dənizkənarı Milli Parkda “Venesiya” restoranı yaxınlığında iki ədəd zanbaq gülünü xoşuna gəldiyi üçün götürmüşdür. Həmin iki gülü yaşadığı ünvanın həyətində əkmişdir. Sonradan həyətinə əkdiyi iki ədəd gülü oradan çıxarıb 9-cu Polis Bölməsinə təhvil vermişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Məhəmməd Gülmalıyev tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixli Dənizkənarı Milli Park Rəhbərliyinin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın müvafiq əməkdaşlara təqdim olunması qərara alınmışdır. 19 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Dənizkənarı Milli Parkda 17 ədəd zanbaq gülünü oğurlamış və sonradan qaytarmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə bildirir ki, protokol tərtib edən orqan Şəxs xx.xx.2024-cü il tarixdə Dənizkənarı Milli Parkın Köhnə Bulvar adlanan ərazisində, “Venesiya” yaxınlığında 27 manat dəyərində 18 ədəd zanbaq gülü oğurlaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-844/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-844/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver