Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-853/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, DİN-in Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində DİN-in Səbail Rayon 9-cu PB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-nin 9-cu PBdən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, 19 mart 2025-ci il tarixdə, saat 00:10-da Azneft dairəsində Şəxs YPX-nin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DİN-in Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, protokolla razı deyil, özünü təqsirli bilmir. Belə ki, o, avtomobilini idarə edərkən onu YPX-nin əməkdaşları saxlamış, onun avtomobilində konstruksiya dəyişikliyi olunduğunu və avtomobilinin duracağa təmin ediləcəyini bildirmişdir. Şəxs isə avtomobilin texniki pasporta uyğun vəziyyətdə olduğunu və pasportu göstərməyə hazır olduğunu bildirmişdir. Lakin polis əməkdaşı bunu öz rəisinin göstərişi olduğunu və avtomobilin mütləq duracağa təmin ediləcəyini bildirdikdən sonra, Şəxs mobil telefonunu çıxararaq videoçəkiliş etmək istəmişdir. Bundan sonra polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. Hazırda isə videoçəkiliş etmək istədiyi üçün peşmandır, qalan məsələdə isə inzibati xəta törətmədiyi hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə də protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlin tərkib əlamətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İV və ya Vİ hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). Hazırki inzibati işdə nəqliyyat vasitəsinin duracağa təmin edilməsi tələbinin qanuniliyini təsdiq edəcək sübutlar təqdim edilməmişdir. Bundan başqa şəxsin xırda xuliqanlıq hərəkətlərinin də konkret olaraq nədən ibarət olduğu protokolda göstərilməmiş və bunu təsdiq edə biləcək sübutlar (şahid ifadələri, videogörüntü) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-853/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-853/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver