Məhkəmə qərarları › İş №3(009)-859/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-859/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-859/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, şikayət verən X1 iştirakı ilə, Xaçmaz rayon Yol patrul xidmətinin inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Yol patrul xidməti tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, TP6327516 saylı inzibatı xəta haqqında qərarın ləgv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xx.xx.2024-cü il tarixində Xaçmaz-Quba yolunun 3-cü km-də Xankişiyev Pərvinin şəxsi istifadəsində olan avtomobili ilə hərəkətdə olan zaman Xaçmaz Rayon Dövlət X5 əməkdaşı, yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən saxlanılmışdır. Saxlanma zamanı polis əməkdaşı Xankişiyev Pərvinə ötmə əməliyyatı qadağan olunmuş yerdə ötmə əməliyyatını icra etməsi iddiası ilə inzibati xəta haqqında protokol tərtib etmək istəmişdir. Bu zaman Xankişiyev Pərvin həmin polis əməkdaşına burda ötmənin qadağan olmasını dediyi yerdə 1.1 nişanlanma xəttinin olmadığını bildirmişdir. Buna görə də əməlində inzibati xəta tərkibinin olmamasını bildirmişdir. Lakin polis əməkdaşı Xankişiyev Pərvinin bütün dediklərinə və həqiqətən də həmin ərazidə ötmə əməliyyatını qadağan edən yerdə 1.1 nişanlanma xəttinin mövcud olmamasına baxmayaraq barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra Xankişiyev Pərvin polis əməkdaşına etirazını bildirərək, inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olmadığını və həmin protokol əsasında çıxaracağı inzibati xəta haqqında qərardan şikayət verəcəyini bildirmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində Xaçmaz rayon Yol patrul xidmətində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bundan əlavə inzibati qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilməmiş, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xaçmaz rayon Yol patrul xidməti tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, qərardan şikayət vermə müddəti bərpa edilərək Xaçmaz rayon Yol patrul xidmətinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Xaçmaz rayon Yol patrul xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8,128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Xaçmaz rayon Yol patrul xidmətinin xx.xx.2024-cü il tarixli, TP6327516 saylı qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayon Yol patrul xidmətinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar