Məhkəmə qərarları › İş №3(009)-862/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-862/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-862/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakları ilə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 14 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X311 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində İnzbati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000(iki min manat) miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hansı səbəblə cərimə növündə tənbeh tətbiq edilməsi barədə məlumatı yoxdur. Onun bu cərimədən 18 aprel 2023cü ildə poçtun ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilmiş məktubundan sonra xəbəri olmuşdur. Həmin məktubda görünür ki, onu 14 aprel saat 10:00-da İdarəyə dəvət edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məktubu 13 aprel 2023-cü ildə ona gəlməsi üçün poçta vermişdir. Poçt qəbzi ən azı 4-5 günə gətirib çıxarır. Məktubu aldığı gün 18 aprel 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə zəng etmiş, məktubun hansı səbəbə gec göndərilməsini soruşduqda ona yenidən məktub göndərəcəklərini bildirmişlər. 25 apreldə poçtla əlaqə saxladığı zaman adına məktub gəldiyini öyrənmişdir. Gedib götürərkən görmüşdür ki, artıq 2000 (iki min) manat cərimələnmişdir. Ümumiyyətlə tərtib olunan inzibati xəta haqqında protokol və qəbul edilən qərarın onunla əlaqəsi yoxdur. Onun izahatı belə yoxdur. Onu 102-yə şikayət etmişlər ki guya ordan ağacı çıxarmışdır. Ağac dedikləri isə kiçik qurumuş tingə olmuşdur. 102-dən gəliblər. Ondan izahat almaq istəyəndə o, ağacı çıxarmadığını bildirmiş və izahat yazmaqdan imtina etmişdir. Daha sonra polis əməkdaşları nikahsız yaşadığı yoldaşı Kərimov Elçinə yaxınlaşıb bildirmişlər ki ikinci qrup əlil olduğuna görə E.Kərimov onun adından izahat yazsın. Yoldaşı da öz adından yox, onun adından izahat yazmış və qol çəkib ki guya orada ağac olmuş və o çıxarmışdır. Onun nə o izahatdan, nə də o ağac və tingədən xəbəri olmuşdur. O, ikinci qrup əlildir. Ona yoldaşı baxır. O, ağac çıxaracaq gücdə belə deyil. Hərəkət edəndə də köməyə ehtiyac duyur. Əlil övladı var, ona da yoldaşı baxır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, ağacı kəsməmiş, orada ümumiyyətlə ağac olmamışdır. İkinci qrup əlildir, gözləri görmür, ağac kəsməyə gücü yoxdur. Heç bir izahat yazmamış və qol çəkməmişdir. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayətə etiraz edərək bildirmişdir ki, həmin ünvanda yaşayan Rəcəbov Səftər tərəfindən şikayət daxil olmuşdur. Şikayətlə bağlı əməkdaşları tərəfindən araşdırma aparılmış və həqiqətən də qanunsuz ağac kəsilməsi faktı aşkar olunmuşdur. Şəxs özü izahat vermişdir ki, ağacı özü kəsmişdir. Şikayətin təmin edilməməsini və 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən ünvan 1 ünvanında 1 (bir) ədəd yaş ağacı kəsilərək məhv edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 1 (bir) ədəd yaş ağacı kəsilərək məhv edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 izahatı alınmadan barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd olunanların əksinə olaraq inzibati tənbehvermə barədə qərar qəbul etmiş orqan tərəfindən istinad etdiyi hallara dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsini konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. İXM-nin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar