Məhkəmə qərarları › İş №3(009)-863/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-863/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-863/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 2-ci ərazi X2 İdarəsinin baş inspektoru Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 14.xx.xx.2023-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Bank Avrasiya Baş Ofisi" obyektində planlı yanğın texniki müayinə keçirilən zaman yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərini pozulması müəyyən edilmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 2-ci ərazi X2 İdarəsinin baş inspektoru Nümayəndə2, protokolu müdafiə edərək Şəxs ASC barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 protokola etiraz edərək, bildirmişdir ki, yoxlamalar aparılan zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 2-ci ərazi X2 İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanununun 17.3-cü maddəsinin “yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir” tələbi pozulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən də bəlli olur ki, yoxlayıcı kimi qurum həmin maddənin tələblərinə riayət etməmişdir. Belə ki, aidiyyət qurum tərəfindən xx.xx.2023-cü il tarixində Şəxs ASC-yə münasibətdə yanğın-texniki müayinənin aparılması haqqında 1801 №-li qərar qəbul olunmuş, həmin qərar isə Şəxs ASC-yə xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. Halbuki maddənin məzmununda da konkret olaraq qeyd edilmişdir ki, yoxlama aparan qurum yoxlama barədə qərarı yoxlamanın başlamasına 5 (beş) iş günü qalmış verməlidir. xx.xx.2023-cü il tarixli 1801№-İi qərardan da bəlli olur ki, yoxlamanın başlama müddəti xx.xx.2023-cü il, bitmə müddəti İsə xx.xx.2023-cü il tarixini əhatə edir. Lakin yoxlamanın aparılması haqqında qərar 5 gün əvvəlcədən təqdim edilməməklə bərabər, artıq yoxlamanın başlanadığı tarixdən sonraki gün Şəxs ASC-yə təqdim edilmişdir ki, bu hal qanun pozuntusu olmaqla bərabər sahibkarlıq subyektində yoxlamaların aparılmasını istisna edir, habelə aparılmış yoxlamaların hüquqi əhəmiyyətsizliyini ehtiva edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR qanununun 9 və 10-cu maddəsinin tələblərinə əsasən yoxlamaların aparılması haqqında qərar qəbul olunmazdan əvvəl ilk növbədə yoxlama aparılan müəssisənin risk kateqoriyası müəyyən edilməli, daha sonra bu risk qruplarına müvafiq olaraq yoxlamalar həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə sahibkarlar yüksək, orta və aşağı risk qrupları olaraq müəyyən edilmiş (maddə 9.1), buna müvafiq olaraq yoxlamların aparılması dövriliyi öz əksini tapmış (maddə 10.2), sahibkarların risk qruplarının müəyyən edilməsi onların fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəriciləri əsasında müəyyən edilməsi öz əksini tapmış (maddə 9.3), sahibkarın hansı risk qrupuna daxil olmasının əvvəlcədən təsdiq edilməsi müəyyən edilmişdir, (maddə 9.5). Qeyd edilənlərə əsasən, Şəxs ASC-nin sahibkarlıq subyekti kimi hansı risk qrupuna daxil olması (9.6-cı maddədə yüksək risk qrupuna daxil olan sahibkarların ümumi həcmin 10 % həddində müəyyən edilmişdir) müəyyən edilməmişdir ki, bu zaman yoxlayıcı orqan həmin qanunun 9.8-ci maddəsinin tələblərini pozmaqla yoxlamalar aparmış hesab olunmalıdır, (maddə 9.6. Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz). Əlavə olaraq Şəxs ASC-nin yüksək risk qrupuna daxil olmadığını nəzərə alınsa bu zaman planlı yoxlamanın aparılması üçün 10.2-ci maddəsində nəzərdə tutulmuş tələblərinin pozulması da aşkara çıxmış olur. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq; aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq yoxlamalar aparıla bilər. Bundan başqa yoxlayıcı qurum AR İnzibati Xətalar Məcəlləsinin 518.1-cİ maddəsinə istinad edərək Şəxs ASC barəsində inzibati xəta protokolu tərtib edərək məhkəməyə göndərmişdir. Həmin maddədə qeyd edilmişdir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxs cərimələnir. Bununla əlaqədar qeyd edilməlidir ki, maddənin dispozisiyasının Şəxs ASC-yə münasibətdə tətbiq edilməsi üçün ilk növbədə müəyyən edilməlidir ki, Şəxs ASC həmin qanun pozuntusuna yol verməklə məhz inzibati xəta əməlini törətmişdirmi? Hazırki işə münasibətdə qeyd edilməlidir ki, yoxlayıcı orqan məhz konkret olaraq Bank tərəfindən hansı yanğın təhlükəsizliyi standartları normalarına və qaydalarının tələblərinə pozulmasına və ya yerinə yetirilməməsinə istina etməmiş, yalnız buna müvafiq olaraq sənədlərin təqdim edilməməsinə istinad etmişdir. Halbuki sənədlərin təqdim edilməməsi Bank tərəfindən həmin qaydalara və normativlərə riayət edilməməsi kimi səciyyələndirilə bilməz. Nəzərə alınmalıdır ki, sənədlərin təqdim edilməsi yoxlama suallarının siyahısına daxil edilsə də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanununun 19.4-cü maddəsinə əsasən əhəmiyyətli tələb hesab edilməməlidir. Belə ki, həmin maddədə konkret olaraq qeyd edilmişdir ki, yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun. Əlavə olaraq qeyd edilməlidir ki, sənədlər Şəxs ASC-nin səlahiyyətli əməkdaşlarından xx.xx.2022-ci il tarixində (yoxlamanın sonuncu günündə) tələb edilmiş, həmin an isə Bankn səlahiyyətli şəxsi tərəfindən bildirilmişdir ki, sənədlərin təqdim edilməsi üçün vaxt verilsin, lakin yoxlayıcının səlahiyyətli əməkdaşları həmin müddəti gözləməyərək Bankın inzibatı binasından kənarlaşaraq inzibati xəta protokolunu tərtib etmişdirlər. Nəzərə alınmalıdır ki, protokolun surəti və baxılması üçün məhkəməyə təqdim edilməsi barədə məlumat xx.xx.2023-cü il tarixdə Banka daxil olmuş məlumat əsasında müəyyən edilmişdir. Halbuki həmin protokol xx.xx.2023-cü il tarixindən artıq Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanununun 31-c maddəsində yoxlama aktının rəsmiləşdirilməsi ilə bağlı tənzimləmələr öz əksini tapmışdır ki, həmin tənzimləmələrin hər birinə yoxlayıcı tərəfindən riayət edilməmişdir. Belə ki, tərtib edilmiş yoxlama aktında aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri (maddə 31.2.10), sahibkarın izahatı, İradı və ya etirazı (maddə 31.2.11) əks olunmamış, yoxlama aktının tərtib edilməsi zamanı aşkar edilmiş faktlar yoxlama aktında aydın və dəqiq göstərilməmiş (maddə 31.3), yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilməmiş (maddə 31.4), yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanmamış (maddə 31.5), yoxlama aktı imzalandıqdan sonra imzalanması üçün sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmiş (maddə 31.6), akt iki nüsxədə tərtib edilməmiş və sahibkara təqdim edilməmişdir.(maddə 31.9). Hətta protokola istinadən qeyd edilsə ki, Bankın səlahiyyətli nümayəndəsi yoxlama aktının surətini almaqdan imtina etmişdir, bu zaman yenə həmin qanununun 31.10-cu maddəsinə əsasən yoxlama aktı sahibkara təqdim edilməli olduğu halda təqdim edilməmiş, yoxlama başa çatdıqdan sonra isə nəinki üç iş günü ərzində, ümumiyyətlə göndərilməmişdir. Qeyd edildiyi kimi yalnız inzibati xəta protokolu Bank Avrasiya ASC-yə təqdim edilmişdir ki, həmin tarixə xx.xx.2023-cü ilə təsadüf etmişdir. Nəzərə alınmalıdır ki, yanğın təhlükəsizliyi əleyhinə qəbul edilmiş qaydalar kağız daşıyıcıda tam olaraq mövcud olmuş və bu zaman həmin sənədlərin təqdim edilməsi üçün aidiyyəti orqandan vaxt tələb edilmiş, lakin həmin qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin müddət gözlənilməmiş və birtərəfli qaydada ayrıca inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol Banka vaxtında təqdim edilməmiş, protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərildikdən sonra Banka rəsmi qaydada verilmiş, Bankın şikayət etmək və ya öz mülahizələrini bildirilməsi üçün zəruri şərait yaradılmamış, tərtib edilmiş protokol 4 günlük qeyri-iş günündən əvvəlki sonuncu iş günündə tərtib edilmiş, eyni zamanda həmin sənədlər xx.xx.2023-cü il tarixində qeyri-iş günlərindən əvvəlki sonuncu iş gününün ikinci yarısında Bankdan tələb edilmişdir ki, bu zaman sənədlərin hər birinin ən qısa zamanda təqdim edilməsi mümkünsüz olmuşdur. Yoxlayıcı orqan kimi yoxlama barədə əvvəlcədən Banka məlumatın verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilsə və müvafiq sənədlərin tələb edilməsi sonuncu iş günündə deyil, yoxlamanın ilk günlərində tələb edilsə idi bu zaman Bank barəsində inzibati xəta üzrə icraatın aparılmasına və buna uyğun olaraq inzibati xəta protokolunun tərtib edilərək məhkəməyə göndərilməsinə ayrıca ehtiyac qalmayacaqdı. Mövcud vəziyyət yoxlayıcının qərəzli olmasını ehtiva etməklə bərabər mövcud olmayan inzibati xəta tərkibinə görə Bankın cərimələnməsinə rəvac verməkdədir. Qeyd olunanları nəzərə alaraq Şəxs ASC barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki iş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231902790 nömrəli çıxarışdan görünür ki, FHN X1 Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs ASC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbət) cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsinin aparılması nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixli 1801 №-li yanğın-texniki müayinə aktından görünür ki, FHN X1 Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs ASC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbət) cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman obyektdə Azərbaycan Respublikası ərazisindən yerləşən hüquqi şəxslər (müəssisələr) yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində öz vəzifələrini həyata keçirmədiyi aşkar olunmuşdur. Belə ki, yoxlama zamanı Azərbaycan Respublikası X1 Xidmətinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barədə tələb olunan sənədlər təqdim etməmişdir (YTQ 01-2001 bənd 1.9- 1.9.12). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR qanununun 10.3-cü maddəsinə əsasən yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır:- yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq; -orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; -aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. Həmin qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC–nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar