Məhkəmə qərarları › İş №3(009)-864/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-864/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-864/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olan, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan, müvəqqəti Bakıda kirayə qalan, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, işləməyən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 13 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X5 inzibati xəta haqqında 13 may 2022-ci il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, 13 may 2022-ci il tarixdə, saat 05:10 radələrində, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Siciliya” klubunda mübahisə yaratdığına görə klubun inzibatçısı tərəfindən polisə şikayət daxil olmuşdur. Şikayətə əsasən post patrul xidməti həmin kluba yaxınlaşaraq vətəndaşı polis bölməsinə dəvət etmişlər. İzahatı alınan zaman X4 polis əməkdaşlarına qarşı aqresivlik göstərmiş, nalayiq küçə söyüşləri söymüş və bölmənin CA üzrə əməliyyat müvəkkili Cavid Əhmədova “mobil telefonu sənin başına çırparam” ifadəsini işlədərək bölmənin iş rejimini pozmuşdur. X4 barəsində protokol tərtib olunuşdur. Göstərilənləri nəzərə alaraq X1 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərtib edilmiş protokol üzrə özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, 13 may 2022-ci il tarixdə, saat 04:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Siciliya” klubuna istirahət etmək üçün getmişdir. Orada 2 bakal pivə içdikdən sonra hesabı istəmiş, lakin gələn 149 manat hesabı 2 bakal pivə üçün çox olduğunu zənn edərək, klubun administatoruna şikayət etmişdir. Şikayət əsasında aralarında mübahisə yaranmış və klubun administatoru polisə şikayət etmişdir. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmış, izahatı alınarkən əməliyyat müvəkkili ilə aralarında mübahisə düşmüş və o, içkili olduğu üçün əməliyyat müvəkkilinin klubun inzibatçısının tərəfini tutduğunu zənn edərək əməliyyat müvəkkilinə “mobil telefonu sənin başına çırparam” ifadəsini işlətmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin 39-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytinantı X8 izahat verərək bildirdi ki, Siciliya kafesində tərəflər arasında münaqişə baş vermiş və həmin yerə polis əməkdaşları dəvət olunmuşdur. O da həmin kafeyə getmiş və münaqişə yaradan şəxsi polis bölməsinə gətirmişdirlər. Polis bölməsində həmin şəxsin X4 olduğu məlum olmuşdur. Dindirmə zamanı X4 nalayiq ifadələr işlətmiş və ona “mobil telefonu sənin başına çırparam” ifadəsini işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri üzrə isə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, materiala əlavə edilmiş 13 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 13 may 2022-ci il tarixdə Səbail rayonu, Nizami küçəsi, “Sicilya” klubunda nalayiq ifadələr işlətmiş, 39-cu PB-də isə polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Məhkəmə X1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X1 barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi X1 barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında X1 törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və 08 gün müddətinə inzibati qaydada həbs edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-4, 34, 40, 43, 114-115, 128-130, 211.2, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 13 may 2022-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X7 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar