Məhkəmə qərarları › İş №3(009)-875/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-875/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-875/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs X6 məxsus müəssisənin vəkili Vəkil iştirakları ilə, Şəxs X6 məxsus müəssisə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs X6 məxsus müəssisə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X6 məxsus müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbini pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 ünvan 1 ünvanında olan iş sahəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs X6 məxsus müəssisə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs X6 məxsus müəssisə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X6 məxsus müəssisənin vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqi şəxs barəsində inzibati məsuliyyət tədbirlərin tətbiq edilməsini zəruri edən halların qanunvericilikdə konkret dairəsi müəyyən edilməmişdir. Hüquqi şəxs barəsində inzibati məsuliyyət tədbirlərin tətbiq edilməsini zəruri edən hallara analoji hüquq pozuntularından çəkindirmək, hüquq pozuntusuna adekvat reaksiyanın verilməsinin nümayiş etdirilməsi kimi məqsədlərin məcmusu aiddir. “CONTEK” TXİMMnin direktorunun inzibati orqan tərəfindən inzibati məsuliyyətə cəlb olunaraq cərimələnməsi artıq özlüyündə hüquq pozuntusuna adekvat reaksiyanın verilməsi deməkdir. Ümumiyyətlə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən hüquqi şəxs barəsində inzibati məsuliyyət tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar Qanunverici belə halların konkret dairəsini müəyyən etməsə də, hüquqi şəxs barəsində inzibati məsuliyyət tədbirlərin tətbiq edilməməsini zəruri edən hallara hüquqi şəxsin inzibati məsuliyyət tədbirlərin tətbiqindən azad edilməsini və barəsində inzibati məsuliyyət tədbirlərin tətbiq edilməməsinin mümkünlüyünü nəzərdə tutan, inzibati xəta üzrə qanunvericiliklə bilavasitə nəzərdə tutulmuş hallar aiddir. Həm hüquqi şəxs barəsində inzibati məsuliyyət tədbirlərin tətbiq edilməsini zəruri edən, həm də inzibati məsuliyyət tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar işin konkret hallarına və mötəbər sübutlara istinad etməklə əsaslandırılmalı, mülahizələrə, şəxsi fikirlərə əsaslanmamalıdır. Qeyd olunmalıdır ki, hüquqi şəxslər iqtisadiyyatın mühüm fiqurlarından biri olmaqla, onun stabilliyi və inkişafında mühüm rola malikdirlər. Hüquqi şəxslər barəsində hər hansı formada lüzumsuz inzibati məsuliyyət tədbirininn həyata keçirilməsi onun təsərrüfat fəaliyyətinə xələl gətirə, bu isə öz növbəsində iqtisadiyyat üzərində mənfi təsir yarada bilər. “CONTEK” TXİMM-nin İnzibati xəta haqqında iş üzrə materialı araşdırılarkən onun məqsədinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı araşdırılmamış, onun həmin hüquqi şəxsi öz qanuna zidd əməllərini pərdələmək məqsədilə formal olaraq yaratması faktı mötəbər sübutlar əsasında sübuta yetirilməmişdir. Belə olan halda “CONTEK” TXİMM barədə əlavə olaraq inzibati xəta haqqında protokolun tərtib olunmasını qanunsuz və əsassız hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs X6 məxsus müəssisə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 05 aprel 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən «Manqal» Steak House restoranında podratçı şirkət kimi fəaliyyət göstərən «Contek» LTD tərəfindən restoranda havalandırma sisteriıinə aid aqreqatın platforması üçün restoranın dam hissəsində aparılan işlər zamanı restoranın texniki ərazisində «yalnız avadanlıq və qabların daşınması üçün nəzərdə tutularaq, personalın istifadəsi qəti qadağan olunmuş” və 4 bir tərəfi dəmir torla örtülmüş qaldırıcı qurğuya özbaşına daxil olan həmin «Contek» LTD-də fəhlə işləyən X7 və X2 hündürlüyü 3 metr olan 1 ədəd və hündürlüyü 2.5 metr olan 4 ədəd dəmir şivelleri həmin qaldırıcı qurğu vasitəsilə restoranın dam hissəsinə qaldırmaq istəyərkən, dəmir şivellerlər qaldırıcı qurğu 4cü mərtəbəyə çatmamışdan əvvəl restoranın beton dam örtüyünə dəyərək qaldırıcı qurğunun hərəkətini dayandırmış və məhz bu səbəbdən qaldırıcı qurğunun hərəkətini tənzimləyən dəmir zəncir çarxdan çıxıb qırıldığından qaldırıcı qurğu 4-cü mərtəbəyə yaxın hissədən 1-ci mərtəbəyə düşmüş, nəticədə qurğunun üzərində dayanmış fəhlələr - Nadir Qəhrəmanov və Məmməd Abdulsalamov müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İş materiallarında istehsalatda baş vermiş bədbəxt hadisə haqqında Məlumatdan görünür ki, 05 aprel 2022-ci il tarixdə 15:30-da hadisə baş vermiş, hadisənin baş verdiyi şərait (hadisə baş verərkən yerinə yetirilən işin və ya istehsalat qəzasının təsviri); yalnız avadanlıq və qabların daşınması üçün nəzərdə tutulan, personalın istifadəsi qəti qadağan olunan və 4 bir tərəfi dəmir torla örtülmüş qaldırıcı qurğuya işçilər öz başına daxil olublar və orada qəza törədiblər. Bədbəxt hadisənin nəticəsi 2 nəfər zərər çəkmiş şəxs olmuşdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixdə saat 19:21:24-də çap olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı Və Operativ Sosial Təminat Agentliyi DOST X1 məktubundan görünür ki, vətəndaş X5 aid əmək müqaviləsi bildirişi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə Şəxs X6 məxsus müəssisə tərəfindən 5 aprel 2022-ci il tarixdə saat 19:21:23-də daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs X6 məxsus müəssisə tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs X6 məxsus müəssisə tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işəgötürən Şəxs X6 məxsus müəssisəsinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs X6 məxsus müəssisə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs X6 məxsus müəssisə (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar