Məhkəmə qərarları › İş №3(009)-877/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-877/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-877/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 08 aprel 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Bakı şəhəri Səbail RPİ-nin DYPİ tərəfindən tərtib edilmiş 08 aprel 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2021-ci il tarixdə, saat 18:09 radələrində özünə məxsus “BMW X-5 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə səs siqnalı quraşdırmış, bununla da Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin həmin protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs protokolla tanış olduğunu, idarə etdiyi nəqliyyat vasitəsində səs siqnalının olmasına etiraz etmədiyini bildirmişdir. İşə əlavə edilmiş Nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə 08.04.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs “BMW X-5 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil almışdır. Səbail RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X2, DİN BDYPİ-nin Siqnal İdarəsinin 16 saylı müvəqqəti duracağın gözətçisi X5, hal şahidləri X4 və X1, sürücü Şəxs iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “BMW X-5 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış çoxavazlı səs siqnalı sahibinin iştirakı ilə avtomobildən sökülüb çıxarılmışdır. Hazırda qeyd edilən çoxavazlı səs siqnalı Səbail RPİ-nin DYPŞ-də saxlanılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 08 aprel 2021-ci il tarixdə, saat 18:09 radələrində özünə məxsus “BMW X-5 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə səs siqnalı quraşdırmış və barəsində inzibati xəta haqqında protokol rətib edilərkən özü bu halı etiraf etmişdir. Bununla da, onun Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Həmçinin məhkəmə hesab edir ki, “BMW X-5 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış çoxavazlı səs siqnalı müsadirə edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə almaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, inzibati xətanın hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş, ““BMW X-5 minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə quraşdırılmış və hazırda Səbail RPİ-nin DYPŞ-də saxlanılan çoxavazlı səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci -ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1– 327.7 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya görə iş materialları baxılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X10 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 25-26, 40, 43, 114-115, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın törədilməsində alət olmuş ““BMW X-5 minik” markalı, **-LY-*** nəqliyyat vasitəsinə quraşdırılmış və hazırda Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X9 saxlanılan çoxavazlı səs siqnalı müsadirə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün iş materialları Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X10 göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar