Məhkəmə qərarları › İş №3(009)-881/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-881/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-881/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 aprel 2021-ci il tarixli 00100-0740/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 07.04.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları” şöbəsindən Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə daxil olmuş 34/012/009282 nömrəli raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən ixrac olunan mallar **********1088 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda altında rəsmiləşdirildiyi, sözügedən GB-nin 1, 2 və 4-cü mal mövqeyləri üzrə bəyan olunan mallar geriyə qaytarılmış, lakin GB-nin 3-cü mal mövqeyi üzrə bəyan olunan yük isə geri gaytarılmamış və MMC tərəfindən hansı gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. 14 aprel 2021-ci il tarixdə Şəxs MMC barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə 00100- 0740/21 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC 24.02.2020-ci il tarixdə **********1088 sorğu nömrəli gömrük bəyannaməsi ilə 3 ədəd dəmir xətkeşi, 2 dəst mikrometrikkalibr dəsti, 1 ədəd saniyə ölçəni və 1 ədəd səsin səviyəsini ölçən cihazı xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirərək 26.02.2021-ci il tarixədək 1 (bir) il müddətinə Gürcüstana aparılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********1088 sorğu nömrəli gömrük bəyannamələri ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emal müddətinin son tarixi 26.02.2021-ci il tarixi müəyyən edilmişdir. Lakin, xaricdə emal müddətinin 26.02.2021-ci il tarixində bitməsinə baxmayaraq **********1088 sorğu nömrəli gömrük bəyannaməsinin 3-cü mal mövqeyi ilə bəyan edilmiş ümumi gömrük dəyəri 42,50 manat olan 1 ədəd saniyə ölçənin xaricdə emal müddəti bitməmiş ‘Şəxs” MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük organına müraciət edilməmişdir. **********1088 sorğu nömrəli gömrük bəyannaməsinin 3-cü mal mövqeyi ilə bəyan edilən qeyd edilən 1 ədəd saniyə ölçənin ümumi dəyəri 42.50 (qırx iki manat əlli qəpik) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********1088 sorğu nömrəli gömrük bəyannamələri ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emal müddətinin son tarixi 26.02.2021-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən ixrac olunan mallar **********1088 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Sözügedən GB-nin 1,2 və 4-cü mal mövqeyləri üzrə bəyan olunan mallar geriyə qaytarılmış, lakin GB-nin 3-cü mal mövqeyi üzrə bəyan olunan yük isə geri qaytarılmamış və MMC tərəfindən hansı gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan protokoldan məlum olur ki, inzibati icraat aparılna zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 izahatında bildirmişdir ki, 2020-ci il də 3 ədəd dəmir dəmir xətkeşi, 2 dəst mikrometrik-kalibr dəsti, 1 ədəd saniyə ölçəni və 1 ədəd səsin səviyəsini ölçən cihazı texniki baxış üçün Gürcüstana **********1088 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edilərək müvəqqəti ixrac edilmişdir, orada cihazlar yoxlanışdan sonra 3 ədəd dəmir xətkeş, 2 dəst mikrometrik-kalibr dəsti və 1 ədəd səsin səviyəsini ölçən cihaz ölkə ərazisinə qaytarılmış və yenidən gömrük orqanında bəyan edilmişdir. Lakin 1 ədəd saniyə ölçən üzərində zavod nömrəsi olmadığı üçün Gürcüstan gömrük orqanı tərəfindən geri qaytarılmasına icazə verilməmişdir. Hal-hazırda 1 ədəd saniyə ölçən Gürcüstanda toxunulmaz olaraq saxlanılır, təxminən 2 ay müddətinə yaranmış problem aradan qaldırılaraq ölkə ərazisinə gətiriləcək, gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497- ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 42.50 (qırx iki manat əlli qəpik) manatın qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş 30 faizi miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 42.50 (qırx iki manat əlli qəpik) manatın otuz faizi miqdarında, yəni 12.75 (on iki manat yetmiş beş qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar