Məhkəmə qərarları › İş №3(009)-884/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-884/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-884/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli, 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli, 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 mart 2021 tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən barəsində inzibati xəta haqqında MN NQ ******* Qərar qəbul edilmişdir. Bu Qərar əsassız və qanunsuzdur. Belə ki, Qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə ("İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) əsasən, "xxxx" MMC-nin direktoru olaraq 1500 AZN məbləğində cərimə edilmişdir. Əvvəla, qeyd edilməlidir ki, "Şam Ağacı” MMC ilə “Paşa Həyat Sığorta" MMC arasında 7 İyun 2018-ci il tarixli, 0563/18 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun 11.5-ci maddəsinə görə İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır. Göründüyü kimi müəssisə tərəfindən bağlanılmış müqavilə mövcuddur və həmin müqavilə qanunvericiliyin tələbinə əsasən müddətsizdir. Müqaviləyə xitam verilməsi üçün heç bir əsas yoxdur. Qanunvericiliyə əsasən, hətta müqaviləyə xitam verilməsinə əsaslar olduqda belə bu barədə tərəflərdən biri digərini məlumatlandırmalıdır. Məlumdur ki, müəssisəyə nə müqaviləyə xitam barədə xəbərdarlıq verilmiş, nə də əsaslandırılmış hər hansı bildiriş göndərilmişdir. X7 Xidməti tərəfindən verilmiş Qərarda qeyd olunan hal (icbari sığorta müqaviləsinin bağlanmaması) gerçəyi əks etdirmədiyinə, beləliklə, mənim əməlimdə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında Qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli, 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 18 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (7 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibari xəta törətmişdir. İş materiallarında olan 29 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (7 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin etmədiyinə görə X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibari xəta törədilmiş və nəticədə X4 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 07 iyun 2018-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, 07.06.2018-ci il tarixdə "Şam Ağacı” MMC ilə "xxxx" ASC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan 07 iyun 2018-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, 07.06.2018-ci il tarixdə "Şam Ağacı” MMC ilə "xxxx" ASC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan “İcbari Sığorta Bürosu”nun X7 Xidmətinə ünvanlanmış 11 dekabr 2020-ci il tarixli, 10-OQ/956/20 saylı məktubundan görünür ki, "xxxx" ASC tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirilmişdir. Həmin araşdırmanın nəticəsindən görünür ki, informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısında "Şam Ağacı” MMC barədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 16.03.2021-ci il tarixli 02009495-21 saylı hesab-fakturasından görünür ki, "Şam Ağacı” MMC ilə "xxxx" ASC arasında bağlanmış 16.03.2021-ci il tarixli, QH********** saylı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə və bu müqaviləyə yazılmış Əlavəyə əsasən sığorta haqqı 102.97 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayət ərizəsində qeyd edilən "Şam Ağacı” MMC ilə "xxxx" ASC arasında bağlanmış 07.06.2018-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qüvvədə olmamış, ona görə də X6 şikayət ərizəsində həmin müqaviləyə istinad etməkdə haqlı olmamışdır. Belə ki, X6 tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasında qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli, 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli, 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar