Məhkəmə qərarları › İş №3(009)-885/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-885/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-885/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi ilə, Vircin adalarının Şəxsycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vircin adalarının Şəxsycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli 00100-00693/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Vircin adalarının Şəxsycan Respublikasındakı filialı və Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Vircin adalarının Şəxsycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Lətif Abbasov tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli 00100-00693/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Vircin adalarının Şəxsycan Respublikasındakı filialı tərəfindən **********3492 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixində bitmişdir. Lakin Vircin adalarının Şəxsycan Respublikasındakı filialı tərəfindən xx.xx.2014-cü il tarixli **********3492 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar xx.xx.2024-cü il tarixədək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli **********3492 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Vircin adalarının Şəxsycan Respublikasındakı filialı xx.xx.2019-cu il tarixli müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair ərizəsi ilə Abşeron Əməliyyat Şirkəti ilə 31/08 saylı müqavilə işlərinin davam etməsi üçün YGB **********3492 sorğu nömrəli gömrük bəyannaməsi üzrə göstərilən malların 01 (bir) ilədək aparmağı (gətirməyi) öhdəsinə götürmüşdür Vircin adalarının Şəxsycan Respublikasındakı filialı xx.xx.2020-ci il tarixli müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair ərizəsi ilə Abşeron Əməliyyat Şirkəti ilə 31/08 saylı müqavilə işlərinin davam etməsi üçün YGB **********3492 sorğu nömrəli gömrük bəyannaməsi üzrə göstərilən malların 01 (bir) ilədək aparmağı (gətirməyi) öhdəsinə götürmüşdür. Vircin adalarının Şəxsycan Respublikasındakı filialı xx.xx.2021-ci il tarixli müraciəti ilə **********3492 sorğu nömrəli gömrük bəyannaməsinin müddətini müqavilə işlərinin davam etməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vircin adalarının Şəxsycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Vircin adalarının Şəxsycan Respublikasındakı filialına tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Vircin adalarınınŞəxsycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 128-130 və 499.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vircin adalarının Şəxsycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 14547 (on dörd min beş yüz qırx yeddi) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar