Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-888/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirəndirilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01:00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Otto” restoranının qarşısında yol hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları ona yaxınlaşmış, lakin vətəndaş Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək avtomobili sürərək oradan qaçmışdır. Daha sonra Bayıl qəsəbəsi ərazisində yerləşən “Bayıl” parkında avtomobildən düşərək qaçmağa çalışarkən parkın içində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti tərəfindən cərimlənəciyindən qorxduğu üçün polis əməkdaşlarından qaçmışdır. Halhazırda ailəsi ilə birlikdə kirayə evdə yaşaması və himayəsində körpə övladının olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Şəxs əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidmətinin polisi X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 01:50 radələrində post-patrul xidməti tərəfindən gələn məlumatla Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi istiqamətinə “Mersedes” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunu pozaraq hərəkət etdiyi bildirilmişdir. Daha sonra Şəxs idarə etdiyi avtomobil “Azneft” dairəsi ərazisində yol polisi tərəfindən aşkar edilmiş və ona “saxla” əmri verilmişdir. Lakin vətəndaş polisin əmrinə tabe olmayaraq idarə etdiyi avtomobillə oradan qaçmışdır. Sonradan şəxs Bayıl qəsəbəsi ərazisində yerləşən “Bayıl” parkında avtomobildən düşərək qaçmağa çalışmış, lakin parkın içində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. . Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 04 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 01:00 radələrində yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” əmri verilsə də, tabe olmamış və Bayıl qəsəbəsində yerləşən parkda avtomobildən düşüb qaçmış, daha sonra saxlanılmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli AZA 000325 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx xxxxxx 1994-ci il təvəllüdlü Şəxs 03 aprel 2024-cü il tarixdə, saat 02:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 03 aprel 2024-cü il tarixdən saat 02:10-dan 04 aprel 2024-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən 1/4 hissəsi çıxılmalı və o cərimənin 1/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-888/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-888/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver