Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-889/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X1, X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş 05 may 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlu bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 1(004)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cinayət əməli nəticəsində dəymiş 40.000 (qırx min) manat məbləğində maddi ziyan mülki cavabdeh Şəxs tutularaq mülki iddiaçı X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə dəfələrlə xəbərdarlıq edilsə də, borclu icra sənədi üzrə tələbi təmin etməkdən yayınmışdır. Həmçinin ona məxsus ***-***-**-** nömrəsinə tərəfimizdən zənglər edilmiş, lakin Şəxs telefon zənglərinə cavab verməmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədii lə borlcunun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin borclunu sözügedən ünvanda tapmaq mümkün olmamışdır. Bu barədə tərəfimizdən müvafiq akt tərtib edilmişdir. Borclunun yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə onun barəsində borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfidnən şöbəyə daxil olmuş xx.xx.2022-ci il məktubda borclu barəsində xx.xx.2022-ci il tarixdə, 20509/22 nömrəli axtarış işinin açıldığı qeyd edilmişdir. Daha sonra borclu Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Şöbədə olarkən ondan izahatı alınmış, izahatında məhkəmə qərarından xəbərdar olduğunu, imkanının olmaması səbəbəindən qalan borcunu ödəyə bilmədiyini, hər ay imkan olduğu qədər ödəniş edəcəyini qeyd etmişdir. Əlavə məlumat üçün bildiririk ki, borclu Şəxs tərəfindən bugünədək ümumi borc məbləğindən cəmi 1860,31 manat pul vəsaiti tələbkar X1 xeyrinə ödənilmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 ərizə verərək bildirmişdir ki, Şəxs ödənişləri edəcəyinə söz verdiyinə görə ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, peşman olduğunu, iltizam verərək X3 hər ay ən azı 200 manat ödəyəcəyinə dair öhdəlik götürərək, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edildiyini bildirmişdir. Bunları nəzərə alaraq inzibati icrataata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yasamal rayon məhkəməsinin 1(004)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cinayət əməli nəticəsində dəymiş 40.000 (qırx min) manat məbləğində maddi ziyan mülki cavabdeh Şəxs tutularaq mülki iddiaçı X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən bugünədək ümumi borc məbləğindən cəmi 1860,31 manat pul vəsaiti tələbkar X1 xeyrinə ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs borcundan ödənişlər etməsini, tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-889/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-889/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver