Məhkəmə qərarları › İş №3(009)-891/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-891/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-891/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən "SARA” gözəllik salonunda saç ustası işləyir. Ölkə ərazisində olan karantin rejimi qaydalarına əsasən iş yerində tibbi maska taxaraq işləyirlər. 09 noyabr 2020-ci il tarixdə o, işdə olarkən iş yerinə polis əməkdaşı daxil oldu və bildirdi ki, maskasız işlədiyinə görə protokol yazacaq. O, öz etrazını bildirərək söyləmişdir ki, “ağzımdakı maskanı görmürsünüzmü, bizə heç müdriyyət maskasız işləməyə icazə vermir”. Həmin polis əməkdaşı onun dediklərinə heç bir əhəmiyyət vermədi və çıxıb getdi, həmin vaxt orada yerindəcə ona heç bir protokol tərtib olunmadı. 12 aprel 2021-ci il tarixdə Səbail rayon İcra Şöbəsindən ona zəng vurub bildirdilər ki, barəsində protokol tərtib olunub şöbəyə yaxınlaşmalıdır. İki gün sonra yəni 14 aprel 2021-ci il tarixdə o iş yerindən icazə alaraq Səbail rayon İcra Şöbəsinə yaxınlaşmış, orada ona barəsində tərtib olunmuş, inzibati protokolun və qərarın surəti təqdim olundu. Bundan sonra o, barəsində tərtib olunmuş protokol və qərarla tanış olub məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, onun barəsində tərtib olunmuş, MN ******* saylı protokolun surətindən görünür ki, guya o, "Sara” gözəllik salonunda işləyərkən tibbi maska taxmamışdır. Əslində həmin gün o, iş zamanı və polis əməkdaşı salona daxil olan zaman tibbi maskadan istifadə etmişdir. Bunun doğruluğunu onunla birlikdə salonda işləyən iş yoldaşları da təsdiq edə bilərlər. Həmin protokolda imzalar qrafalarında imzadan imtina olunduğu və imtina edən şəxsin X6 adlı şəxs olduğu qeyd edilmişdir. Onun adı Aida, soyadı Kazımova, atasının adı isə Ağaismayıldır. Göründüyü kimi inzibati protokol tamamilə yalnış, qanunsuz və saxtadır. Barəsində tərtib olunmuş inzibati protokolu və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli qərarın surəti 14 aprel 2021-ci il tarixdə Səbail rayon İcra Şöbəsində ona təqdim olunmuşdur, həmin vaxta qədər barəsində inzibati protokol və qərar qəbul edilməsindən xəbərsiz olmuşdur. Odur ki, Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən onun barəsində qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında protokola dair qəbul edilmiş MN0888773 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçiyə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X3 09 noyabr 2020-ci il tarixdə Səbail rayonu Q. Abbasov küç., 17-də yerləşən “Sara” gözəllik salonunda işləyərkən tibbi maska taxmamışdır və bununla da Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin protokolun 2-ci səhifəsində imzalar qrafasında X4 adı qeyd edilmişdir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanı törətmədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı əsassız olduğundan X2 şikayəti təmin edilməli və qeyd edilən qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar