Məhkəmə qərarları › İş №3(009)-894/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-894/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-894/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Kəlbəcər rayonu, Hopurlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ qrup əlilliyi olan, Kəlbəcər rayonu, Hopurlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 10:00 radələrində Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 10:00 radələrində 8 nəfər şəxs Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısında səs-küy salaraq 2 ədəd yük maşınında olan iribuynuzlu heyvanları əraziyə boşaltmaq istəmişlər. Ərazidə xidmət aparan PPX əməkdaşları bunun qarşısını almaq və həmin şəxsləri ərazidən uzaqlaşdırmaq istədikdə onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq səs-küy salmağa başlamışlar. Bu səbəbdən həmin şəxslər bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 10:00 radələrində üçün 8 nəfər şəxslə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısına gələrək öz etirazlarını sakitcə bildirmək istəmişlər, onların məqsədi mal-qaranı küçəyə boşaltmaq olmamışdır. Lakin polis əməkdaşları onlara mane olaraq həmin ərazidən uzaqlaşdırmağa çalışmışlar və bu zaman onlar tərəfindən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərilməmişdir. Əməlindən peşman olduğunu və İİ qrup əlillik dərəcəsi olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 izahatında göstərmişdir ki, o və xidmət yoldaşları xx.xx.2021-ci il tarixdə, saat 10:00 radələrində ərazidə xidmət apardıqları zaman onlara Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısında 8 nəfər şəxsin səs-küy salaraq 2 yük maşınında olan iribuynuzlu heyvanları əraziyə boşaltmaq istədikləri barədə məlumat daxil olmuşdur. Onlar həmin əraziyə yaxınlaşıb bunun qarşısını almaq istədikdə, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq səs-küy salmağa və müqavimət göstərməyə başlamışlar. Bu səbəbdən həmin şəxslər Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinə gətirilmişdir. Orada həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfərləri X6, X2 və X7 şahid X3 izahatına uyğun izahat vermişlər. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş E.Qeysli, İ.Məmmədov, E.Mirzəliyev və K.Babakişiyev tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində ərazidə xidmət apardıqları zaman onlara Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısında 8 nəfər şəxsin səs-küy salaraq 2 yük maşınında olan iribuynuzlu heyvanları əraziyə boşaltmaq istədikləri barədə məlumat daxil olmuşdur. Onlar həmin əraziyə yaxınlaşıb bunun qarşısını almaq istədikdə, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq səs-küy salmağa və müqavimət göstərməyə başlamışlar. Bu səbəbdən həmin şəxslər Bakı şəhəri Səbail RPİnin 8-ci polis bölməsinə gətirilmişdir. İş materiallarına əlavə olunmuş elekton sistemdən çıxarılmış məlumatdan görünür ki, Şəxs əlilliyinə görə pensiya təyin olunmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, həmçinin Şəxs İİ dərəcəli əlilliyinin olmasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2021-ci il tarixində saat 10:00-dan Səbail RPİ-nin 8-ci PB-nə gətirildiyini, azadlığının faktiki olaraq həmin vaxtdan məhdudlaşdırıldığını, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar