Məhkəmə qərarları › İş №3(009)-895/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-895/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-895/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 31 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət- ekstrakorporal mayalandırma aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin 25 aprel 2024-cü il tarixli iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs MMC-yə məxsus kilinikada keçirilmiş plandankənar (növbədənkənar) yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Belə ki, lisenziyanın şərtlərinı riayət olunmaması və lisenziyadan kənar iş və fəaliyyət göstərildiyi aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilmiş və Şəxs MMC-nin qanuni nümayəndəsi nöqsanlarla razı olmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə 25 aprel 2024-cü il tarixli iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X2 bildirmişdir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. 2 əsasa görə. Birinci əsas odur ki, süni mayalandırma lisenziyalaşdırılmış fəaliyyət deyil. İkinci əsas isə odur ki, müddətin keçməsi ilə bağlıdır. İnzibati xətanın törədilmə vaxtı 2022-ci il və 2023-cü il tarixlərinə dəlalət edir. Həmin vaxtlardan isə bir ildən çox müddət keçmişdir. Həmin inzibati xətanın isə cəlbetmə müddəti 4 aydır. Hesab edirik ki, inzibati xətanın törədilməsindən 4 aydan artıq müddət keçdiyinə görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırma xidmətlərinin siyahısı haqqında 2017-ci il qərarının 2.23.1-ci maddəsində süni mayalandırma lisenziyalaşdırılmış fəaliyyət sayılmır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 3-28-1/3-2-349/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 31 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bildirişindən görünür ki, Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 31 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə Şəxs MMC-yə məlumat verilmişdir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Şəxs MMC-nin fəaliyyəti üzrə plandankənar (növbədənkənar yoxlama keçiriləcəyi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Şəbnəm Cavadovaya, xx.xx.2023-cü il tarixdə Şəbnəm Cavadovaya süni mayalanma edilmişdir. İş materiallarında olan 74C-24 nömrəli, xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Binəqədi rayon prokurorluğu 10 fevral 2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş həkim səhlənkarlığı barədə məlumat əsasında təqdimat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı təsdiq edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, qeyd edilən siyahıya daxil edilməyən tibb xidmətlərin həyata keçirilməsinə yol verilmir. Siyahıya daxil edilən tibb xidmətlərinə xüsusi razılıq olduqda, Özəl tibb müəssisələri müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. İş materiallarında olan Şəxs MMC-yə verilmiş 11 iyul 2017-ci il tarixli lisenziyadan görünür ki, ekstrakorporal mayalandırma istisna olmaqla ginekoloji tibbi xidmətlərin göstərilməsinə icazə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyət göstərərək xx.xx.2023-cü il tarixdə Şəbnəm Cavadovaya süni mayalanma yerinə yetirilmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130 və 215.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar