Məhkəmə qərarları › İş №3(009)-902/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-902/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-902/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin Yolnəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 31 mənzıl 30 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan 18.05.2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 01.03.2022-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Daewoo Gentra” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunda hərəkət edən zaman “Ravon Nexia” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurduğundan, həmçinin “Ravon Nexia” markalı avtomaşında olan sərnişlər Ş.Məhərrəmova və H.Hacıyev xəsarət aldıqlarından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən müvafiq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X5 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs oğlu 01.03.2022-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Daewoo Gentra” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunda hərəkət edən zaman “Ravon Nexia” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurması, həmçinin həmçinin “Ravon Nexia” markalı avtomaşında olan sərnişlər Ş.Məhərrəmova və H.Hacıyev xəsarət almaları səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs oğlu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu özünü təqsirli bilərək göstərmişdir ki, 01.03.2022-ci il tarixdə, saat 22:10 radələrində 20-ci sahədə yerləşən Araz marketin yanında bibisi oğlu X8 idarə etdiyi “Daewoo Gentra” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün ondan xahiş etmiş, bibisi oğlu Əli də onunla razılaşıb avtomobildən düşərək avtomobili idarə etmək üçün ona vermişdir. O, avtomobillə evə getmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə istiqamətindən çıxaraq Bibiheybət yolu ilə üzü Bibiheybət istiqamətində yolun sağ zolağı ilə saatda 60-70 km/saat sürəti ilə hərəkətdə olarkən, yolun sağ tərəfindəki avtoyuma məntəqəsinin qarşısına keçən zaman yolun yaş olmasını nəzərə almadığı üçün avtomobil yolun ortasında sürüşərək sağa-sola hərəkət etdiyini görmüşdür. O, avtomobili dayandırmaq üçün əyləc sistemindən istifadə etsə də, avtomobili saxlaya bilməyib qarşıdan öz yolu ilə hərəkətdə olan “Ravon” markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o və “Ravon Nexia” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin də xəsarət almışlar. Göstərilən halları, həmçinin hadisənin ehtiyatsızlıqdan baş verməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Pərviz Mustafayev tərəfindən qəbul edilmiş 31.03.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 143 saylı 18.03.2022-ci il tarixli rəyinə əsasən X1 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sifətin sol yarısının və üst dodağın əzilmiş-cırılmış yaraları, eləcə də alın, hər iki qaş, hər iki üst göz qapaqları, burun, hər iki yanaq, hər iki dodağın bayır səthlərinin, çənə nahiyəsinin çoxsaylı sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.03.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların Toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizanın 142 saylı 18.03.2022-ci il tarixli rəyinə əsasən X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.03.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizanın 144 saylı 18.03.2022-ci il tarixli rəyinə əsasən Şəxs oğlunun almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yarası, eləcə də, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.03.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X7 və X3 tərəfindən notarial qaydada verilmiş 13.04.2022-ci il tarixli ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilmiş, şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, hadisənin ehtiyyatsızlıqdan baş verməsini, əməlindən səmimi peşman olmasını və vurulmuş zərərin əvəzinin ödənilməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar