Məhkəmə qərarları › İş №3(009)-904/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-904/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-904/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 21.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 21.05.2022-ci il tarixində, saat 08:55də Mercedes benz A160”minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1982-ci ildə anadan olmuş Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 327.2, 332.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Protokol Şəxs tərəfindən imzalanmış və o, protokolda bir daha içkili maşın sürməyəcəyi barədə qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X2 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokola etiraz etməyərək inzibati xəta hadisəsinin baş verdiyini etiraf etdiyini, əməlindən peşman olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Şəxs yüngül dərəcəli sərxoş olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYP portalından çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ Ağsu Rayon Məhkəməsinin 30.03.2022-ci il tarixli qərarına əsasən məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında Şəxs oğlunun törətdiyi inzibati xəta əməli toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə, tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın halları nəzərə alınaraq ona İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-in 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər BPİ DYP İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 334.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər BPİ DYP İdarəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar