Məhkəmə qərarları › İş №3(009)-905/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-905/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-905/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barədə inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon DYPŞ-si tərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Səbail rayonu Nizami küçəsində Toyota Prius markalı 99- TN-902 dövlət nömrə nişanlı avtomobil sürücüsü Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barədə inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilərək, xx.xx.2023-cü il tarixdə doğum günü olduğu üçün ad günü məclisində gecə radələrindən başlayaraq yaşadığı evdə xx.xx.2023-cü il səhər radələrinədək spirtli içki qəbul etmişdi. Spirtli içki qəbul etdikdən sonra yaşadığı evdə bir qədər yatmışdır. Səhər ona işə getməli olması barədə zəng gəlmişdir. Buna görə xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində özünə məxsus, idarə etdiyi “Toyota Prius” minik markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobilə spirlti içki təsiri altında əyləşib idarə etmişdir. Belə ki, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ilə hərəkət edib və Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsini keçib yoluna davam edən zaman gözlənilmədən qabaqda eyni istiqamətdə hərərkət edən digər bir avtomobilin arxa sol tərəfindən vurmuşdur. Bundan sonra idarə etməni itirib Nizami küçəsində yolun sağ hissəsində park etmiş digər 1 avtomobilə və digər park etmiş vəziyyətdə olan avtomobillər zəncirvari bir-birinə dəyməsi nəticəsində YNH-si baş vermişdir. Onun idarə etdiyi Prius markalı avtomobil isə yolun ortasında çevrilmişdir. Bundan sonra bir neçə şəxs yaxınlaşıb avtomobili düzəltmişlər və avtomobili düzəltdikdən sonra o avtomobildən düşmüşdür. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmışlar və sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün həkim müayinəsinə aparmışlar. Həmin zaman avtomobili 60 s/km sürəti ilə hərəkət etdirmişdir. Əməlindən peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail Rayon DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/5560 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs Firuddin oğlunun alkoqol vəziyyəti sərxoş olmuşdur (1,857 % promilli). İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanilması haqqında protokoldan görünür ki, Toyota Prius markalı 99- TN-902 dövlət nömrə nişanlı avtomobilin bütün detalları əzilmiş və zədələnmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanilması haqqında protokoldan görünür ki, X4 məxsus Hyundai Elantra markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobilin arxa sol, arxa və qabaq hissəsi zədələnmiş vəziyyətdədir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanilması haqqında protokoldan görünür ki, X3 məxsus Toyota-Prius markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobilin qabaq və arxa hissəsi zədələnmiş vəziyyətdədir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanilması haqqında protokoldan görünür ki, X1 məxsus Hyundai Elantra markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi zədələnmiş vəziyyətdədir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanilması haqqında protokoldan görünür ki, X2 idarə etdiyi “Toyota Corolla” minik markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ hissəsi zədələnmiş vəziyyətdədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sürücü Şəxs Firuddin oğlu alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində özünə məxsus, idarə etdiyi “Toyota Prius” minik markalı, 99-TN- 902 dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsini keçib yoluna davam edən zaman düzgün ara məsafəsi seçmədiyinə görə ehtiyatsızlıq edərək qarşısında eyni istiqamətdə hərəkət edən sürücü X2 idarə etdiyi “Toyota Corolla” minik markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ hissəsindən vurmuş, nəticədə idarəetməni itirərək Nizami küçəsində yolun sağ hissəsində park etmiş X1 məxsus Hyundai Elantra markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilə, X3 məxsus Toyota-Prius markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobilə və X4 məxsus Hyundai Elantra markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək toqquşmuş və toqquşma nəticəsində yuxarıda adları sadalanan zərərçəkmiş şəxslərə maddi zərər vurulması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərədə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130, 327.1 və 333.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar