Məhkəmə qərarları › İş №3(009)-911/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-911/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-911/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, 13000-00440/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 3200/012/001184 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçməklə hüquqi şəxs Şəxs QSC-nin ünvanına gələn mallar 11 mart 2024-cü il tarixində **********6213 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, vaqonların sayı gömrük orqanının əməkdaşı tərəfindən onlara təqdim edilmiş və buna müvafiq olaraq da qısa idxal bəyannamələri verilmişdir. Bir vaqon gömrük inspektoru tərəfindən təqdim edilməməsi səbəbindən qısa idxal bəyannaməsi verilə bilməmişdir. Bu da inzibati xətanın qəsdən törədilmədiyini sübut edir. Göstərilənlərə və inzibati xəta haqqında protokola əsasən inzibati tənbeh tətbiq etməni məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Rövşən Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixində “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçməklə hüquqi şəxs Şəxs QSC-nin ünvanına gələn mallar 11 mart 2024-cü il tarixində **********6213 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Qeyd edilən raportun araşdırılması üçün bağlı sözügedən şirkətin nümayəndəsi izahat verməsi üçün Təhqiqat şöbəsinə dəvət edilmiş, idarəyə gələn Şəxs QSCnin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, göndərən şirkət tərəfindən sənədlər vaxtında təqdim edilmədiyi üçün qısa idxal bəyannaməsini tərtib edə bilməmişdirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi hüquqi şəxsin nümayəndəliyi tərəfindən təqdim edilmiş **********6213 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi’’ informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 62533237 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs QSC-nin ünvanına gələn mallar xx.xx.2024-cü il tarixində “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, lakin qısa idxal bəyannaməsi gömrük orqanına elektron qaydada təqdim edilməmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçməklə Şəxs QSC-nin ünvanına gələn mallar 11 mart 2024-cü il tarixdə **********6213 saylı gömrük bəyannaməsi ilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Göndərən şirkət tərəfindən sənədlər vaxtında təqdim olunmadığı üçün qısa idxal bəyannaməsi tərtib edilə bilinməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar