Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-913/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26471949 nömrəli inzibati tənbehvermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26471949 nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində barəsində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında EQ 26471949 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar (bundan sonra Qərar) tərtib edilərək E-Polis mobil tətbiq üzərindən elektron kabinetində yerləşdirilməsi barədə bildiriş göndərilmişdir. İnzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar üzrə sübut edən foto materialları ilə tanış olmuş və hesab edir ki, barəsində tərtib olunan qərar əsassızdır. Belə ki, xx.xx.2025-ci tarixində Bakı şəhəri, Mikayıl Hüseynov küçəsində mülkiyyətində olan **-RY-*** dövlət qeydiyyat nişanlı, “KİA YİPAO MİNİK” markalı avtomobili idarə etdiyi zaman, təhlükəsizlik kəməri ilə sükanın üst-üstə düşməsi və eyni rəngdə olması, habelə kəmərin yuxarı hissəsinin üst geyimimin altında qalması səbəbindən avtomobili təhlükəsizlik kəməri olmadan idarə olunması kimi foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmışdır. Bu şikayətə əlavə olunan foto materialların surətində təhlükəsizlik kəmərinin taxılmış vəziyyətdə olduğunu tam olaraq müəyyən edilə bilməsə, məhkəmə prosesi zamanı mobil tətbiq vasitəsilə göndərilən foto materiallara baxılaraq buna tam əmin oluna bilər. Nəzərə alınmalıdır ki, qanunvericilikdə sürücünün təhlükəsizlik kəmərini xüsusi texniki vasitələr tərəfindən müəyyən edilə bilməyən formada taxması deyil, sürücü tərəfindən təhlükəsizlik kəmərinin taxılmaması müvafiq inzibati xətaya gətirib çıxarır. Təhlükəsizlik kəmərinin sürücü tərəfindən taxılması artıq sürücünün öhdəliyini yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. İnzibati pozuntunu törətmədiyini nəzərə alaraq, haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 25497241 saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26471949 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26471949 nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 07:49-da Mikayıl Hüseynov küçəsində (Azərişıq İçərişəhər) “KİA YİPAO MİNİK” markalı, **-RY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “KİA YİPAO MİNİK” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X3 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, fotoşəkillərdən və izahatlardan görünür ki, X4 nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamışdır. Bu səbəbdən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci il tarixli EQ 26471949 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26471949 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-913/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-913/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver