Məhkəmə qərarları › İş №3(009)-916/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-916/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-916/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ DYPİ-si tərəfindən tərtib edilmiş 02 may 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 02 may 2022-ci il tarixdə saat 08:03də Səbail rayonu Bibiheybət yolunda hərəkətdə olarkən sürücü Şəxs Bakı şəhəri BPİ DYPİ-nin inspektoru tərəfindən işıq cihazlarından və səs siqnalından istifadə qaydalarını pozduğu üçün saxlanılmış və saxlanıldığı vaxt onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək, şəkər xəstəsi olduğunu ona görə də ümumiyyətlə spirtli içki qəbul etmədiyini bildirdi və ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid Səbail RPİ-nin DYPŞ-nin YPX baş serjantı X4 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bibiheybət yolunda Şəxs işıq cihazlarından və səs siqnalından istifadə qaydalarını pozduğu üçün saxlamış və həmin vaxt onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. O, spirtli içki qəbul etdiyini etiraf etmiş və həkim müayinəsindən keçməkdən imtina etmişdir. Onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1 və 329.3-cü maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid X1 Bəhruz İlham oğlu ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunan alkotesterdən görünür ki, 02 may 2022-ci il tarixdə Şəxs sərxoş olmuşdur (0,418% promilli). İş materiallarına əlavə olunan və məhkəmə iclasında baxış keçirilmiş diskdən görünür ki, Şəxs saxanılarkən spirtli içki qəbul etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs 02 may 2022-ci il tarixdə saat 08:03-də “KİA Rio MİNİK” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 328 – 331 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar