Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-922/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, X7 yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin YPX inspektoru polis serjantı K.Mahmudov tərəfindən tərtib olnmuş xx.xx.2022-ci il tarixli raportda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində xidmət apardığı Səbail rayonu X8rşısında stasionar postda olarkən “Mitsubishi” maraklı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla bir nəfər şəxs tələsdiyi üçün postdan keçmək istədiyini bildirmiş, o, isə tədbir olduğundan yolun bağlı olduğunu bildirmiş, daha sonra həmin şəxs hərəkətin əksi istiqamətinə çıxaraq hərəkət etməyə, avtomaşını asvalt örtüyünün üzərində sürüşdürməyə başlamış, ona saxla əmri verilsə də, o, əmrə tabe olmayaraq hərəkətinə davam etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli raportda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə radiostansiya vasitəsilə ** YP *** çağırışlı patrul maşınında xidmət aparan əməkdaş köməyə ehtiyacı olduğunu bildirmiş, o, da hadisə yerinə yaxınlaşaraq sürücüdən sənədlərini tələb etmiş, sürücü tələsdiyi üçün kobud pozuntulara yol verdiyini və tabesizlik göstərdiyini bildirmiş, daha sonra avtomobili sürücünün iştirakı ilə duracağa yerləşdirib, şəxsi 8-ci polis bölməsinə dəvət etmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında 26 may 2022-ci il tarixli, AZA 007495 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat təxminən 11 radələrində idarə etdiyi “Mitsubishi” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla şəhər istiqamətindən X9 istiqamətində hərəkətdə olan zaman X5rşısında DYP əməkdaşlarının yolu bağladığını görmüş, yaxınlaşıb onlara tələsdiyini və onu buraxmalarını bildirmiş, DYP əməkdaşları isə ona yolun bağlı olduğunu və onu buraxa bilməyəcəklərini bildirmişlər, o, da hərəkət istiqamətini dəyişərək yenidən şəhər istiqamətində hərəkətdə olan zaman DYP əməkdaşları onun idarə etdiyi avtomaşını dayandıraraq 8-ci PB-yə dəvət etmişlər, o, da polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Heç bir tabesizliyə də yol verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilsə də, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən, onun həmin əməli, yəni Bakı şəhəri, Səbail rayonu, X7 yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, YPX inspektoru polis serjantı K.Mahmudov tərəfindən tərtib olnmuş xx.xx.2022-ci il tarixli raportda da qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində xidmət apardığı Səbail rayonu X8rşısında stasionar postda olarkən “Mitsubishi” maraklı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla bir nəfər şəxs tələsdiyi üçün postdan keçmək istədiyini bildirmiş, o, isə tədbir olduğundan yolun bağlı olduğunu bildirmiş, daha sonra həmin şəxs hərəkətin əksi istiqamətinə çıxaraq hərəkət etməyə, avtomaşını asvalt örtüyünün üzərində sürüşdürməyə başlamış, ona saxla əmri verilsə də, o, əmrə tabe olmayaraq hərəkətinə davam etmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 327.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. (53.2) Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyinə görə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-922/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-922/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver